Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
- 23 May 2022 19:45
- 487
Türkiyənin Qaziantep şəhərində keçiriləcək karate üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, mayın 25-də start götürəcək nüfuzlu yarışa 22 karateçi yollanıb.
Onlardan 11-i fərdi kumite və kata yarışlarına, 6 idmançı komanda çıxışlarına, 5 nəfər isə para-karate üzrə Avropa çempionatına qatılacaq.
AMKF prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmovdan əlavə, baş məşqçilər və böyük məşçiqlər, həmçinin beynəlxalq hakimlər və inzibati-texniki heyət yer alıb. Kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov fərdi yarışlarda Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlını (+84 kq), komanda çıxışlarında isə Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət gücləndirilmiş heyəti müşayiət edəcək.
Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxış etmələrinə üstünlük verib.
Kata üzrə baş məşqçi Vahid Ayvazov isə fərdi yarışlarda Roman Heydərova, komanda çempionatında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyəti tatamiyə çıxaracaq.
Para-karate üzrə milli komandanın baş məşqçisi Rənad Əliyev Sahib Əhədov, Eldar Əhmədov, Fərrux Qaybaliyev, Emiliya Mitilinova və Nihat Məmmədzadəyə güvənib.
Beynəlxalq referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev Avropa çempionatının hakimləri arasında olacaq.
Türkiyədə böyüklərin Avropa çempionatında 45 ölkədən 454 karateçi, Para-karateçilərin qitə çempionatında isə 15 ölkədən 48 idmançı mübarizə aparacaq. Yarışdan bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF-in İcraiyyə komitəsinin üzvü Yaşar Bəşirov və Azərbaycan nümayəndə heyəti mötəbər tədbirdə iştirak edəcək.