Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
- 23 Sen 2022 21:15
- 454
Sentyabrın 27-də Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start veriləcək.
Rekord.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Kişilərdən ibarət milli komanda baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında mübarizə aparacaq. Onlar Tiranda Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Eyyub Mahmudov (58 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (80 kq) şans verəcəklər.
Qadınlardan ibarət yığmanın baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov çempionatda Sona Ağayeva (46 kq), Qönçə Hüseynli (49 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidovanı (62 kq) sınaqdan keçirəcək.
Yarışda ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli referi, ATF-in baş hakimi Gündüz Abdullayev və Ramal Camalov da yer alacaqlar.
Yığmaya rəhbərliyi ATF-in vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Taekvondoçularımız səfərə sentyabrın 25-də yollanacaqlar.
Komandamız Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatına da qatılacaq. Həmin vaxt komandaya Qaşım Maqomedov, Həmidrza Sədri, Ruslan Seyidov, Eyyub Mahmudov (dördü də 58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov (hər ikisi 63 kq), Minayə Əkbərova (46 kq), Röya Hacıyeva və Patimat Abakarova (hər ikisi 49 kq) da qoşulacaq. Bu heyət isə Albaniyaya sentyabrın 30-da yola düşəcək.
Xatırladaq ki, taekvondoçularımız ötən həftə Reza Mehmandostun rəhbərliyi altında açıq Sloveniya çempionatında mübarizə aparıb. Komanda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.