Şəkildə gördüyünüz şəxs Azərbaycan futbolunda özünəməxsus çəkisi, izi olmuş futbolçularımızdandır. Azərbaycan futbolunu yaxından izləyən şəxslər, xüsusilə yaşı 30 və onun üzərində olan futbol azarkeşləri onu xatırlamamış olmaz. Vüqar İsmayılovdan söhbət gedir.1992-93-cü illərdə ardıcıl iki dəfə gümüş medalları qazanan Sumqayıt "Xəzər"nin aparıcı futbolçularından olub. O vaxt cəmi 21-22 yaşı var idi. Sonradan "Neftçi" onu heyətinə qatıb, "ağ qaralar"ın heyətində ölkə kubokunu qazanıb, Kuboklar Kubokunda "APOEL"ə qarşı oynayıb Azərbaycanın klub futbolu tarixində avrokuboklarda ilk xal qazanan heyətdə yer alıb. Eyni zamanda "Şəmkir", "Viləş" kimi klublarda oynayıb, gümüş, bürünc medalları qazanıb, müstəqil Azərbaycanın milli futbol komandasına dəvət alan ilk futbolçulardan olub, Gürcüstana qarşı tarixi oyunda iştirak edib. Futbol mütəxəssisləri hər zaman onun haqqında danışanda deyirdi ki, çox böyük potensialı var idi və rejimə əməl etsəydi, futbolda çox daha böyük uğurlara imza atardı. Həmin Vüqarın hazırda dəstəyə ehtiyacı var. Əslində ailəsi bu məsələnin ictimiləşməsini istəmirdi. Dəstəyə ehtiyacları olsa da, utanırlar ki, kimlərsə başqa cür başa düşər. Bu gün oğlu Kamranla söhbət zamanı Vüqarın vəziyyətinin yaxşı olmadığını, qara ciyərində problem yarandığı üçün 1 həftədir Türkiyədə xəstəxanaya yerləşdirilidiyini öyrəndik. Qeyd edək ki, Vüqar bir müddətdir ki, Türkiyədə çalışır və orada qazandığı pulla ailəsini dolandırır. Hazırda xəstəxana xərcləri çox yüksək olduğundan əlində olan vəsaitin demək olar ki, hamısını xərcləyib. Azərbaycana qayıdıb müalicəsini burada davam etdirməsi çox vacibdir. Lakin xəstəxanaya borcu olduğu üçün oradan çıxmasında problem yaranıb. Pasportu və digər şəxsi sənədləri də xəstəxanadadır və borcu ödənməsə sənədlərin verilməsində, Vüqarın xəstəxanadan çıxışında problem yaranacaq. Borcun məbləği də elə böyük deyil, hardasa 5 min manat civarında borc yığılıb. Ailəsi qürurlu davranır, utanır, mətbuata çıxmaq, durumun ictimailəşdirilməsini istəmir, amma oğlu Kamranla söhbətdən sonra bu haqda yazmağa qərar verdik. Çünki Vüqarın dəstəyə böyük ehtiyacı var və Vüqar Azərbaycan futbolu üçün sıradan futbolçulardan olmayıb. Vüqarı tanıyan futbol ictimaiyyətinin imkanlı şəxslərinə, klublara, AFFA-ya, vaxtı ilə Vüqarla bir yerdə futbol oynamış imkanlı veteran futbolçulara müraciət edirik, Vüqara dəstəyinizi əsirgəməyin. Çünki qara ciyər xəstəlikləri təcili və təxirəsalınmaz müalicə tələb edir. Ümid edirik ki, bu dəstək olacaq. Dəstək, kömək olmaq istəyən şəxslər üçün isə Vüqarın oğlu Kamranın əlaqə nömrəsini də bura yazırıq: 077 309 10 34