Azərbaycan nümayəndəsi Pekin-2022-də Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək
- 17 Noy 2021 11:00
- 622
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Pekin-2022 Qış Paralimpiya Oyunlarında Ümumdünya Antidopinq Agentliyinin (WADA) Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək.
AMADA-nın mətbuat xidmətindən "Rekord.az"-a verilən məlumata görə, müvafiq qərarı bu gün WADA açıqlayıb.
Ali qurumun baş direktoru Olivier Niggli bildirib ki, son illər WADA-nın Müstəqil Müşahidəçi Qrupları bir çox beynəlxalq yarışlarda dopinq nəzarəti sisteminin bütövlüyünün və beynəlxalq standartlara uyğunluğunun qorunmasına töhfə verib. Pekin-2022 üçün seçilmiş Müşahidəçi Qrupları ədalətli oyun dəyərlərinə sadiq və idmançıların ən yaxşı antidopinq proqramından faydalanması istiqamətində çalışan peşəkarlardan ibarətdir. Qərara əsasən, Paralimpiya Oyunlarında WADA-nın Müstəqil Müşahidəçi Qrupuna Azərbaycandan Şəfəq Hüseynli, Olimpiya Oyunlarında isə Böyük Britaniyadan olan Hiteş Patel rəhbərlik edəcək.
Ş.Hüseynli hazırda ÜADA-nın milli antidopinq təşkilatları üzrə ekspert məşvərətçi qrupunun üzvü, Avropa Şurasının insan hüquqları üzrə xüsusi ekspert qrupunun sədr müavini, gender bərabərliyi məruzəçisi və bir sıra beynəlxalq antidopinq layihələrin rəhbəridir. Onun timsalında Azərbaycan nümayəndəsi ilk dəfə Oyunlarda Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək.
Qeyd edək ki, beynəlxalq yarışlarda antidopinq prosesinə Müstəqil Müşahidəçi Qrupu tərəfindən nəzarət edilməsi 2000-ci il Sidney Yay Olimpiya Oyunlarından tətbiq olunur. İndiyədək 50-dən çox beynəlxalq yarışda tətbiq edilən bu sistem dopinq nəzarətinin beynəlxalq standartlara uyğunluğunu monitorinq edən əsas elementlərdən biridir.
Müşahidəçi Qrupun üzvləri oyunlar zamanı hər gün yarışlarda antidopinq proqramının necə həyata keçirilməsini, o cümlədən test planlaşdırması, bildiriş prosesi və dopinq nəzarəti işçilərinin fəaliyyətini əyani müşahidə edəcəklər. Qrup üzvləri eyni zamanda nümunələrin toplanması, analiz üçün təhvil verilməsi, laboratoriya prosesi, Terapevtik İstifadə üçün İstisnaların tətbiqi və nəticələrin idarə edilməsi prosesini müşahidə edəcək. Qrup öz müşahidələri əsasında nöqsanları müəyyən edəcək və işin təkmilləşdirilməsi ilə bağlı gündəlik görüşlər keçirəcək. Yekunda Qrup hesabat hazırlayacaq.