“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. 

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib. Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.