Azərbaycan pauerliftinqçiləri Madriddə beş qızıl medal və iki kubok qazanıblar
- 16 Okt 2023 15:15
- 376
İspaniyanın paytaxtı Madriddə keçirilən, Avropanın ən böyük idman festivalı olan "Arnold Classic Europe" festivalında Azərbaycanı ilk dəfə pauerliftinq üzrə "WRPF Dəmir Yumruğ" komandası təmsil edib.
Rekord.az xəbər verir ki, idmançılar yarışı beş qızıl medal və iki kubokla başa vurublar.
İlk gündə 100 kq çəki dərəcəsində çıxış edən Vüsal Ağalarov "squat" (ştanq ilə oturub-qalxma) hərəkətində 335 kq, "bench-press" (ştanqı sinədən sıxma) hərəkətində 205 kq, "deadlift"də (ştanqı yerdən təkanla dartma) isə 310 kq-ın öhdəsindən gələrək birinci olub. O, həmçinin "Powerlifting Knee Wraps" divizionunun mütləq qalibi olaraq kubokla təltif edilib.
Turnirin ikinci gününsə 110 kq-da mübarizə aparan Ramil Əhmədov təchizatsız pauerliftinq növündə "squat" hərəkətində 310 kq, "bench-press"də 205 kq, "deadlift"də isə 300 kq-la birinci yeri tutub.
Yarışın üçüncü günündə WRPF Azərbaycan federasiyasının rəhbəri Vüqar Namazov "deadlift" hərəkətində 330 kq-ı ram edərək qızıl medal və master kateqoriyasında mütləq qalib adına layiq görülüb.
Yeniyetmələr arasında keçirilən yarışda İlkin Namazov "bench-press"də 152.5 kq, "deadlift"də isə 230 kq-ın öhdəsindən gələrək hər iki hərəkətdə qızıl medal qazanıb.