Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb. "Rekord.az" xəbər verir ki, həm qadınların, həm də kişilərin sıralamasında Azərbaycan birinci yerdə qərarlaşıb.

Qadın çimərlik voleybolçularımız ümumilikdə ölkəmizin aktivinə 75 xal, kişilər isə 90 xal yazdırıblar.

Ölkəmizin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb. Belə ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “AZERRAIL”in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.