Azərbaycan Qran-prisi: Konsert məkanı dəyişdi
- 28 Fev 2020 18:00
- 1166
"Azərbaycan Qran-prisi trasının konfiqurasiyası indiki mərhələdə tam təsdiqlənib. Bu, dəyişməz olaraq qalır. "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda beynəlxalq konfrans vaxtı qeyd olunan dəyişikliklər bolidlərlə bağlıdır. Daha doğrusu 2021-ci ildə onlar bolidlərdə ciddi dəyişikliklər edəcəklər. Trasla bağlı heç bir dəyişiklik gözlənilmir".
Rekord.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Batçer deyib.
O bildirib ki, bolidlərdəki dəyişikliklər hazırda İspaniyanın Barselona şəhərində davam edən mövsümöncəsi testlərdən sonra açıqlanacaq. Dəyişikliklər qış boyu da olur. İndi isə "Formula 1" yarışı yoxdur. Yarış dayananda bolidlər üzərində iş gedir və dəyişikliklər martda açıqlanır".
T.Batçer Azərbaycan Qran-prisinin bu dəfə apreldə deyil, iyunun 5 - 7-də keçirilməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, yarış havaların isindiyi vaxta təsadüf edəcəyindən, konsert proqramı qapalı məkanda olmayacaq: "Yarışın iyunda təşkili ilə əlaqədar trasda heç bir çətinlik gözlənilmir. Əksinə, hava daha xoş və mülayim olacaq. Apreldə isə hava dəyişkən olur. Bundan əlavə, isti olduğu üçün üstü bağlı konsert zalına ehtiyacımız yoxdur. Konsert "Crystall Hall"da olmayacaq. Əsas səhnə Dənizkənarı Bulvarda qurulacaq. Bu da əhali üçün əlavə köməkdir ki, onlar "Crystal Hall"a getməyə nəqliyyat axtarmayacaqlar. İnsanlar elə bulvarda konsertləri izləyə biləcəklər".
BŞH rəsmisi tribunaların üstünü örtmək kimi planlarının olmadığını da vurğulayıb: "Tribunalar əvvəllər olduğu kimi qalacaq. Bəziləri mərkəzi hissədə yerləşdiyindən, ciddi konstruksiya işlərinə icazə verilmir. Bağlı tribunalarımız da var. Onlar da olduğu kimi qalacaq".
Avstraliyalı mütəxəssis son olaraq indiyədək Bakıda keçirilmiş 4 Qran-pri ilə bağlı təəssüratlarını bölüşüb: "Keçmiş 4 ilimiz bizim üçün hər şeydən əvvəl təlim və öyrənmək üçün bir proses oldu. Rəhbərlik etdiyim kollektiv yalnız bir əcnəbi və çoxlu sayda yerli əməkdaşdan ibarətdir. Bu o deməkdir ki, tras üzərində qazanılan hər bir təcrübə və bilik azərbaycanlılara qalır. Ona görə də Bakı Şəhər Halqası öyrənmək üçün yaxşı meydandır".