Azərbaycan Qran-prisi "Top-10"da! - VİDEO
- 12 Yan 2020 13:46
- 794
"Formula 1"in rəsmi saytı ötən onilliyin ən yaxşı 10 Qran-prisini müəyyənləşdirmək üçün azarkeşlər arasında səsvermə keçirib.
Rekord.az-ın məlumatına görə, 2017-ci il Azərbaycan Qran-prisi səsvermə nəticəsində 6-cı yeri tutub. Həmin yarışda "Mercedes" pilotu Lüis Hemilton və "Ferrari" sürücüsü Sebastyan Fettel arasında yaranmış münaqişə diqqət mərkəzinə düşüb. Buna son döngədə Hemiltonun əyləci basması səbəb olub. Nəticədə Fettel maşınının burnu ilə onun bolidini vurub. 4 qat dünya çempionu bununla da kifayətlənməyərək, döngədən çıxan kimi rəqibinə çataraq, maşınını onun bolidinin təkərlərinə toxundurub.
Ən önəmli epizod isə 51 dövrəlik mübarizənin 31-ci dövrəsində yaşanıb. Hemiltonun bolidindəki başlığı təcili dəyişdirmək lazım gəlib. Fettel isə etdiyi hərəkətə görə 10 saniyə dayanma cəriməsi alıb. Nəticədə hər iki pilot ilk "3-lük"dən aralanıb. Əvəzində "Red Bull" pilotu Daniel Rikkardo liderliyə yüksəlib. "Mercedes"dən Valtteri Bottas ikinci, "Uilyams"dan Lens Stroll isə üçüncü yeri tutub.
Birinci yeri isə 2019-cu il Almaniya Qran-prisi tutub. Bu yarış yağışlı hava şəraitində baş tutub. Nəticədə Valtteri Bottas, Şarl Lekler, Daniel Rikkardo və Niko Hülkenberq kimi pilotlar yarışı erkən başa vurmalı olublar. Bu Qran-pridə qalib adını "Red Bull" pilotu Maks Ferstappen qazanıb. "Mercedes"dən Sebastyan Fettel ikinci, "Toro Rosso"dan Daniel Kvyat üçüncü yeri tutub. "Kanada 2011" son onilliyin ikinci, "Braziliya 2019" üçüncü ən yaxşı Qran-prisi sayılıb.