Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası”nı 24 medalla başa vurdular
- 18 Okt 2024 16:20
- 160
Azərbaycan təmsilçiləri avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində bu gün daha 13 medal qazanmaqla yarışı 24 medalla başa vurublar.
Rekord.az xəbər verir ki, Azər İlyasov - Tunar Məmmədzadə cütlüyü 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində qızıl medal əldə ediblər.
Onlar akademik avarçəkmə üzrə 1500 məsafəyə yarışda fərqləniblər.
Amil Ramazanov (2006-2007) kayakda 1000 metr məsafəyə yürüşdə gümüş mükafat əldə edib.
2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov - Emil Zeynalov dueti gümüş, Qiyas Əhmədov - Sübhan Həsənov tandemi isə bürünc medala yiyələniblər.
Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev - Cahangir Məmmədli, Sabit Abdullayev - Fikrət Həsənov, Məhəmməd Niftullayev - Neymət Həsənov cütlükləri müvafiq olaraq ilk üç yeri tutublar.
200 metr məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü qızıl, İvan Vorobyanski - Hüseyn Həsənov və Vacib Babayev - Şahin İsayev duetləri gümüş medallar qazanıblar.
İbrahim Məmmədzadə - Elmir Tarverdiyev (2010-2011) tandemi kayakda üçüncü olub.
1000 metr məsafəyə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov - Raul Şamilov gümüş, Yusif Əliyev - Ruslan Fərəcov bürünc mükafat qazanıblar.
Qeyd edək ki, daha əvvəl idmançılarımız reqatada 11 mükafat əldə ediblər.