“Azərbaycan üzərində 3 xal qazanmağa çox şad olaram”
- 26 Avq 2021 13:00
- 633
“Yeni stadionda oynamaq yeni gözləntilər deməkdir”.
Rekord.az xəbər verir ki, bunu Lüksemburq millisinin baş məşqçisi Lük Holts deyib.
Təcrübəli mütəxəssis DÇ-2022-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunları ərəfəsində fikirlərini açıqlayıb
. Ayın 1-də Azərbaycan millisi ilə görüş “Stad de Lüksemburq” arenasının açılışı olacaq. Holts yeni idman qurğusunun premyerasını qələbə ilə qeyd etməkdən danışıb:
“Bu, həm də bizim üçün yeni çağırışdır. Stadiondakı ilk matçda üç xal qazanmağa çox şad olaram. Əlbəttə, hər şey tamamilə yeni olanda atmosfer də fərqli olur”.
Holts heyətə də toxunub: “17 yaşlı İvandro Borqes heyəti genişləndirmək üçün deyil, gücləndirmək üçün gəlib. Mənim hədəfim qalib gəlməkdir. Futbolçuların yaşının 17 və ya 35 olmasının fərqi yoxdur”.
Mütəxəssis lüksemburqlu futbolçuların avrokuboklardakı uğurlarına sevindiyini də gizlətməyib:
“Veteranlar Jerson Rodriges, Kristofer Martins Çempionlar Liqasının qrupunda oynayacaq. Onlara görə sevinirəm. Karyeraları heç də asan keçməyib. Əziyyətlərinin bəhrəsini görürlər”.
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq Lüksemburqun heyəti açıqlanıb. “Cırtdan ölkə” təmsilçisinə 25 futbolçu çağırılıb.
Baş məşqçi Lük Holts bu oyunçulara iki matçda güvənəcək. Lüksemburqlular sentyabrın 1-də Azərbaycanla seçmə, 7-də Qətərlə yoxlama matçında qüvvəsini sınayacaq.
Qapıçılar: Tim Kips, Antoni Moris, Ralf Şon;
Müdafiəçilər: Dirk Karlson, Maksim Şano, Eldin Dzoqoviç, Lauren Yans, Enes Mahmutoviç, Marvin Martins, Mika Pinto, Erik Veyqa;
Yarımmüdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, kris Filips, Dioqo Pimentel, Timoti Rupil, Daniel Sinani, Aldin Skenderoviç, Olivye Til, Sebastyan Til;
Hücumçular: İvandro Borqes, Mauris Devil, Edvin Muratoviç, Jerson Rodriges.