Azərbaycan yığması DÇ-də 9-cu oldu
- 17 Avq 2023 00:39
- 414
İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Musa Ağayev (61 kq) təsnifat mərhələsində yaponiyalı Rin Sakamotoya "tuş"la məğlub olub.
Elxan Qarayev (74 kq) 1/8 finalda amerikalı Mişel Mesenbrinkə müqavimət göstərə bilməyib - 1:12. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Qarayev moldovalı Yon Markuya tam üstünlüklə (13:2) qalib gəlsə də, hindistanlı Jaydep Jaydepə "tuş"la uduzub.
Təbriz Bayramov (86 kq) 1/8 finalda türkmənistanlı Orazmuhammet Hocaliyevə 3:9 hesabıyla məğlub olub.
Rəvan Musayev (92 kq) yaponiyalı İssa Kikuçiyə "tuş"la qalib gələrək 1/8 finala yüksəlsə də, ermənistanlı Knyaz İboyana minimal fərqlə (2:3) uduzub.
Yusif Dursunov (125 kq) Şimali Makedoniya təmsilçisi Teodor Georgiyevə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Səid-Həsən Axmatova (1:5), təsəlliverici görüşdə isə hindistanlı Rajat Ruhala (4:14) məğlub olub.
Beləliklə, sərbəst güləş üzrə yarış yığmamız üçün uğursuz başa çatıb. Güləşçilərimizdən yalnız Ali Tsokayev (79 kq) bürünc medal qazanıb. Yekunda 45 xal toplayan yığmamız komanda hesabında 9-cu yeri tutmaqla zəif nəticə göstərib. İran (165) birinci, ABŞ (152) ikinci, Hindistan (102) üçüncü yeri tutub.
Dünya çempionatının üçüncü günündə 2 qadın güləşçimiz də mübarizəyə qoşulub.
Elvina Kərimzadə (50 kq) 1/8 finalda slovakiyalı Reka Heqedusa minimal fərqlə (1:2) məğlub olub.
Əsmər Cankurtaran (55 kq) isə 1/8 finalda macarıstanlı Roza Şenttamasiyə “tuş”la uduzub.