Azərbaycan yığması dünya ikincisi oldu
- 27 İyl 2022 23:24
- 546
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşı minimal fərqlə üstələyib - 2:1. Ancaq 1/4 finalda özbəkistanlı Şaxzod Ruzioxunova məğlub olub - 3:11. Rəqib finala yüksəldiyi üçün Savadov bürünc medal uğrunda rumıniyalı Yonut Mereutayla qarşılaşıb. Elə ilk hissədə tam üstünlüklə (9:0) qələbə qazanan Hüseyn dünya üçüncüsü olub.
Vədat Qasımlı (51 kq) startda erməni Armen Gevorqyandan güclü olub - 4:2. Lakin 1/4 finalda özbəkistanlı Aytjan Xalmaxanovla bacarmayıb - 4:12. Rəqibin finaladək irəliləyib. Bu da milli üzvünə 3-cü yeri tutmaq şansı verib. Qasımlı təsəlliverici görüşdə israilli Amare Feteneni "tuşe" ilə üstələyib. Vədat bürünc medal uğrunda gürcüstanlı Anri Xozrevanidzeylə güləşib. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbəyə sevinən Qasımlı ölkəmizə bu yarışda 4-cü bürünc medalı qazandırıb.
Məhəmməd Qasımzadə (60 kq) təsnifat mərhələsində misirli Omar Murada (tuşe) uduzub.
Davud Məmmədov (71 kq) 1/8 finalda ukraynalı Maksim Radikə (3:1), 1/4 finalda isə qazaxıstanlı Tahir Amangeldiyə (5:2) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ermənistanlı Ararat Varderesyanla üz-üzə gələn həmyerlimiz elə ilk hissədə qələbəni təmin edib. Cəmi 1 dəqiqə 12 saniyə ərzində 9:0 hesablı qələbəyə sevinən Məmmədov adını finala yazdırıb. Avropa çempionatının gümüş medalçısı həlledici görüşdə gürcüstanlı Anri Putkaradze ilə qarşılaşıb. Finalda rəqibinə 1:3 hesabıyla məğlub olan Davud gümüş medal əldə edib.
Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyana uduzub - 0:9. Rəqib finala yüksəldiyi üçün İsmayılov təsəlliverici görüşdə italiyalı Rikkardo Bufislə üz-üzə gəlib və bu görüşdən də məğlub ayrılıb - 1:7.
Beləliklə, məsul yarışda iştirak edən 10 idmançımızdan 7-si fəxri kürsüyə qalxıb. Bu da son 10 ildə bu yaş qrupunda yunan-Roma güləşində ən yaxşı göstəricimizdir.
Romada Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) isə bürünc medal qazanıb.
Beləliklə, yığmamız 130 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran 135 xalla birinci, Gürcüstan isə 121 xalla üçüncü yeri tutub.
Xalların sayına bu nəticə U-17 dünya çempionatları tarixində yunan-Roma güləşimizdə yeni rekorddur.