Azərbaycan yığması dünya kubokunda 8-ci oldu
- 15 May 2023 18:45
- 377
Gürcüstanın Batumi şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
Rekord.az xəbər verir ki, Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət yığmamız komanda yarışında 8-ci olub.
İlk görüşdə Gürcüstan seçmə kollektivinə 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız növbəti görüşdə Almaniya millisini 45:43 hesabı ilə məğlub edərək ən güclü 8-liyə yüksəlib. Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Dünya Kubokunun Batumidə keçirilən mərhələ yarışında birinci olan Ukrayna yığmasına 37:45 hesabı ilə uduzub. Sablya üzrə qadınlardan ibarət komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Yaponiya (31:45) və Macarıstan (42:45) yığmalarına məğlub olub.
Şəxsi yarışda Palina Kaspiaroviç ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turniri qızıl medalla başa vuran fransız Sara Balzara (6:15) məğlub olub. Səbinə Kərimova isə ən güclü 8-liyə vəsiqə uğrunda keçirilən görüşdə turnirin finalçısı olan digər Fransa təmsilçisi Karolin Queroliyə (6:15) uduzub. Anna Başta isə çinli Yaqi Şaoya (13:15) ən güclü 8-likdən kənarda qalıb.