Azərbaycan yığmasına görə İtaliya klublarına "yox" dedi?
- 06 Mar 2020 13:00
- 812
Albaniya millisinin sabiq baş məşqçisi Canni De Byazi müxtəlif klublardan təklif alıb.
Rekord.az xəbər verir ki, bu barədə 63 yaşlı italiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib.
C.De Byazi bildirib ki, A Seriyası təmsilçiləri ilə yanaşı, ölkə xaricindən də onun xidmətində maraqlı olan komandalar var: "İran variantı çoxdan olmuşdu. Həmin vaxt xeyli problem çıxdı, ona görə də müqavilə imzalanmadı. A Seriyasından bəzi klublarla danışıq oldu, amma hamısına "yox" dedim. Hazırda bir yığmadan cavab gözləyirəm. Avropa ölkəsidir. Ümid edirəm ki, bir neçə günə məsələ həllini tapacaq".
Azərbaycan millisinin sükanı arxasına keçməyə əsas namizədlərdən olan Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub. O, 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb.