Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu
- 26 Apr 2022 12:20
- 613
Kişi boksçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyinatı rəsmiləşib.
Rekord.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən milli komanda kubalı Pedro Rokeyə həvalə edilib.
Təcrübəli mütəxəssis ilə Paris-2024 Yay Olimpiya Oyunlarının sonunadək müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Azərbaycan millisinin iştirak edəcəyi hər yarışda, xüsusilə də Olimpiadada uğurlu çıxış etmək tapşırığı qoyulub.
Pedro Roke 2014 - 2016-cı illərdə də Azərbaycan yığmasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda ölkə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Həmin vaxt Lorenzo Sotomayor (64 kq) finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla milliyə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub.
Komanda Pedro Rokenin rəhbərliyi altında digər yarışlarda da uğurlu nəticələr əldə edib. Milli kubalı mütəxəssislə 2015-ci ildə Qətərin paytaxtı Dohada 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib ki, bu da mundiallarda hələlik mükafat sayına görə ən yaxşı göstəricidir. Həmin vaxt Elvin Məmişzadə (52 kq) dünya çempionu tituluna sahib olub, Albert Səlimov (60 kq) gümüş, Pərviz Bağırovla (69 kq) Abdulqadir Abdullayev (91 kq) bürünc medala yiyələnib.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında Pedro Rokenin rəhbərliyi altında boksçular 10 çəki dərəcəsindən 9-da fəxri kürsüyə yüksəliblər. Yığma 6 qızıl, 1 gümüş və 2 bürünc medalla yarışın ən güclüsü adını da qazanıb. Təmsilçilərimizdən Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) çempion tituluna yiyələniblər. Xaybula Musalov (75 kq) gümüş, Tayfur Əliyevlə (56 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medala sahib olub. Həmçinin Rüfət Hüseynov (49 kq) həmin ildə Avropa çempionatında üçüncü yeri tutub.
İBA-nın (əvvəlki AİBA) 3 ulduzlu çalışdırıcısı olan Pedro Roke 2009-cu ildə AİBA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib. O, 1971-2004-cü illərdə Kubanın yeniyetmələrdən və gənclərdən, 2005-2010-cu illərdə əsas komandasına rəhbərlik edib. Mütəxəssis 2012-2014-cü illərdə ABŞ yığmasını çalışdırıb. 2014-2016-cı illərdə Azərbaycan millisinə rəhbərlik edən kubalı 2017-ci ildən ABŞ-da peşəkar və həvəskar boksçularla işləyir. 1992-2006-cı illərdə Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdə Olimpiya Oyunları və dünya çempionatlarında medal qazanmaq üçün onun təlimlərindən istifadə olunub. Çalışdırıcı ABŞ-da WSB liqasında iştirak edən klubda da fəaliyyət göstərib.
Pedro Roke 7 dəfə Yay Olimpiya Oyunlarına və 23 dəfə dünya çempionatına komanda çıxarıb. Onun çalışdırdığı yığmalar olimpiadalarda 32 (14 qızıl, 10 gümüş, 8 bürünc), mundiallarda 36 (18 qızıl, 6 gümüş, 12 bürünc) medal qazanıblar. Bundan əlavə, Pedro Rokenin yetirmələri yeniyetmələrin dünya birinciliklərində 30 (15 qızıl, 8 gümüş, 7 bürünc), gənclərin dünya birinciliklərində 110 (54 qızıl, 26 gümüş, 30 bürünc), Mərkəzi Amerika Oyunlarında 20 (12 qızıl, 4 gümüş, 4 bürünc), Panamerika Oyunlarında 42 (22 qızıl, 12 gümüş, 8 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.
Yığmamızın yeni baş məşqçisinin çalışdığı boksçulardan dəfələrlə Olimpiya və dünya çempionu olanlar da var. Bunlar sırasında Olimpiadanın üçqat, dünya çempionatının beşqat çempionu Feliks Savonun, həmçinin Oyunlarda 2 dəfə qızıl medal qazanan Mario Kindelan, Gilyermo Riqondo, Ronyel İqlesias, Xulio Sesar La Krus, Ariel Ernandesin adlarını çəkmək olar.