Azərbaycanın suya tullanma idman növü üzrə yığma komandasına yeni məşqçi təyin olunub.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb.

Federasiya suya tullanma üzrə idman ustası, Avropanın gümüş mükafatçısı Mayorov Mixail Dmitrieviçlə müqavilə imzalayıb. Mayorov 1985-ci ildə Moskva əyalətində anadan olub. 6 yaşında suya tullanma idman növü ilə məşğul olan məşqçi yüksək nəticələr əldə edərək ümumrusiya, Avropa, beynəlxalq çempionat və daxili çempionatların dəfələrlə qalibi və mükafatçısı olub. İdman karyerasını başa vurduqdan sonra gənclərə  suya tullanma növünün sirrlərini öytərməyə başlayan peşəkar məşqçi Moskvada idmanın bu növünü fəal şəkildə inkişaf etdirib, “Worldclass” şəbəkəsinin ən yaxşı Moskva klubunda su proqramları şöbəsinin müdiri olub.

Hələlik 1 il müddətinə bağlanılan müqavilənin şərtlərinə görə, peşəkar məşqçi Azərbaycanda bu idman növünün inkişaf etdirilməsinə və populyarlaşmasına kömək etməlidir.

Mayorovun sözlərinə görə, federasiya tərəfindən onun qarşısına qoyulan əsas vəzifələr uşaqların və yeniyetmələrin suya tullanma idman növü qruplarına cəlb edilməsi, Azərbaycanda bu növün inkişafı və populyarlaşması, həmçinin beynəlxalq arenada Azərbaycanı təmsil edə biləcək qaliblərin və medalçıların yetişdirilməsidir:

“Azərbaycan bu gün gözəl və mürəkkəb idman növünün - suya tullanmanın inkişafı üçün perspektivli ölkədir. Möhtəşəm isti iqlim və lazımi dövlət dəstəyi bu gözəl ölkənin idmandan həzz almasını təmin edir. Hazırda suya tullanma Azərbaycanda yeni idman növüdür, ona görə də insanlar bununla məşğul olmağın mümkünlüyünü yeni öyrənirlər. Bununla belə, bu növün inkişafı üçün yaxşı idman qurğuları mövcuddur. Müasir avadanlıqlar və yüksək səviyyəli şəraiti olan Bakı Su İdman Mərkəzində məşq edən uşaqlar və gənc idmançılar - üzgüçülük, su polosu, sinxron üzgüçülük, suya tullanma idman növü ilə peşəkar şəkildə məşğul olmaq üçün hər şərait var. Mənim minimum planım uşaqlara və yeniyetmələrə suya tullanma yeni idman növünə sevgi aşılamaq, onlara beynəlxalq suya tullanma proqramının gözəl və möhtəşəm elementlərini öyrətməkdir. Gələcəkdə isə gənc idmançılardan ibarət komanda toplamaq və Avropa və Dünya çempionatlarında yüksək yerlərə çıxmaq perspektivi ilə beynəlxalq turnirlərin qaliblərini yetişdirməkdir”.