Azərbaycan yığmasından və Ağamirovadan AÇ-də tarixi medal
- 22 May 2023 00:55
- 349
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, yarışın sonuncu gününə gimnastların fərdi proqramda ayrı-ayrı alətlər üzrə final çıxışları ilə start verilib.
Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova həlledici mərhələdə halqa, top və gürzlərlə çıxış edib. İdmançımız topla hərəkətlərin icrasında uğurla çıxış edərək (32.850 xal) tarixi bürünc medala sahib çıxıb.
Bu nəticə ilə Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb.
Bu gün həmçinin qrup hərəkətləri üzrə komandalar ayrı-ayrı alətlər üzrə finallarda mübarizə aparıblar. Qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina 3 lent və 2 topla hərəkətlərin icrasında qızıl medal qazanıblar. Bu, Azərbaycan gimnastika tarixində qrup komandamızın Avropa çempionatında qazandığı ilk qızıl medaldır.