Azərbaycan yığmasının üzvləri karantinı alındı
- 28 Mar 2020 18:00
- 887
Hazırda Azərbaycanda üç minə yaxın insan koronavirusla bağlı karantində saxlanılır və bunların arasında peşəkar idmançılar da var.
Rekord.az xəbər verir ki, oxu.az mövzu ilə əlaqədar araşdırma aparıb. Məlum olub ki, hazırda yeddi idmançı karantindədir.
Onlar hotellərin birində yerləşdiriliblər. Karantində olanlardan biri pauerliftinq millimizin üzvü Hafiz Verdiyevdir.
Pauerliftinq üzrə dünya çempionumuz şəxsi işi ilə bağlı getdiyi Belarusun paytaxtı Minskdən martın 21-də qayıdarkən karantinə alınıb. 2017-ci ildə ölkə başçısı tərəfindən mənzillə, bu ayın əvvəlində isə Gənclər və İdman Nazirliyi tərəfindən Respublika dərəcəli hakim adı ilə təltif olunmuş Hafiz Verdiyev, böyük ehtimalla, aprelin 3-də evinə buraxılacaq.
Karantində qalan digər idmançılarımız isə Azərbaycan Qocu-Ru Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının idmançılarıdır. Bunlar Yusif Əhmədov, Məhəmməd Allahverdiyev, Müşviq Həzili, Ramin Kazımov, Tural Quliyev və Şəms Əhmədovadır.
Həmin federasiyanın prezidenti, yeniyetmə, gənclər və kişilər arasında komandaların baş məşqçisi Tarverdi Allahverdiyev də onların arasında olsa da, dünən artıq evinə buraxılıb.
İdmançılara gəlincə, onlar Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş yarışda iştirak ediblər. Martın 19-u səhər xüsusi reyslə Bakıya qayıdıblar. Karantin müddətində onlarda koronavirusun simptomları üzə çıxmazsa, aprelin əvvəllərində evə buraxılacaqlar.