“Azərbaycana gəlməzdən əvvəl məni nə gözlədiyini bilmirdim”
- 15 Dek 2023 13:40
- 283
"Azərbaycana gəlməzdən əvvəl məni nə gözlədiyini bilmirdim. Ancaq özümə qarşı tələbkaram. Həmişə tam gücümlə oynayıram və komandanın qalib gəlməsinə kömək etmək üçün əlimdən gələni edirəm".
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında çıxış edən "NTD-İndiqo"nun oyunçusu Daniel Vestbruk "Cəlilabad"a qarşı keçirəcəkləri matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.
ABŞ-dən olan 28 yaşlı basketbolçu növbəti görüşdə komandasından qələbə gözlədiyini bildirib: "Düşünürəm ki, yaxşı hazırlaşmışıq. Qarşılaşmaya tam hazırıq. Bu mövsüm rəqibin bir neçə oyununu izlədim. Nəticələri hələ ki istənilən səviyyədə olmasa da, çox təhlükəli komandadır".
Daniel Vestbruk hazırda yaxşı formada olduqlarını və oyundan-oyuna artırdıqlarını söyləyib: "Liqada həqiqətən güclü klublar çoxdur. Ancaq bütün gücümüzlə oynasaq, istənilən rəqibi məğlub edə bilərik".
Dekabrın 17-də Xaçmazda keçiriləcək "NTD-İndiqo" - "Cəlilabad" görüşü saat 14:00-da start götürəcək.