Müxtəlif zamanlarda Azərbaycan çempionatına üz tutan məşhur futbolçular olub.

Rekord.az xəbər verir ki, onlar keçidləri ilə həm yerli, həm də xarici azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan çempionatının o qədər də güclü olmadığını, həmçinin 8 klubun yüksək elitada çıxış etdiyini, ən nəhayət çempionatımızda rəqabətin olmadığını nəzərə alsaq, sözügedən məşhurların ölkəyə gəlməsi təəccüb doğurub.

Bəs Azərbaycanda top qovan məşhur futbolçular kimlərdir?

Cebhe.info həmin oyunçular barədə araşdırma edib. Sözügedən araşdırmanı diqqətinizə çatdırırıq:

Asmir Beqoviç

Azərbaycan çempionatına gələn məşhur futbolçulardan danışırıqsa, burada Asmir Beqoviçin adını ilk sıralarda qeyd etməliyik. Hər halda İngiltərə çempionatında oynayan qapıçının Azərbaycan çempionatını seçməsi həm təəccüb, həm maraq, həm də sevinclə qarşılanmışdı. “Çelsi”, “Stok Siti” (İngiltərə) kimi məşhur klublarda çıxış edən təcrübəli qolkiper cari mövsümün əvvəlində “Bornmut”dan (İngiltərə) icarə əsasında “Qarabağ”a keçib. 4 aylıq icarə müddəti olan 32 yaşlı qolkiper yanvarda Ağdam klubundan ayrılması ilə azarkeşləri üzmüşdü. Avropa Liqasında "Qarabağ"ın qapısı məhz ona həvalə edilmişdi. Azərbaycan təmsilçisindən ayrıldıqdan sonra onun "Milan" kimi İtaliya nəhənginin heyətinə qatılması da səs-küylə qarşılandı. Beqoviç özü də dəfələrlə müsahibələrində və açıqlamalarında "Milan"a keçidinin "Qarabağ"dakı çıxışından asılı olaraq dəyişdiyini vurğuladı. Yəni İngiltərə təmsilçisində əsas heyətə düşə bilməyən futbolçunun "Qarabağ"a keçidi onun "Milan"a doğru yolunu aça bilmişdi.

Maykl Esyen

Dünyaca tanınmış və azarkeşlər tərəfindən sevilən Esyen də Azərbaycan çempionatının "qonaqlarından" olub. Vaxtilə “Çelsi”(İngiltərə), “Milan”(İtaliya), “Real”(Madrid, İspaniya) kimi klublarda çıxış etmiş məşhur futbolçu ötən ilin martında Bakının “Səbail” klubuna transfer edilib. Onunla 1.5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, həmçinin U-19 komandasının məşqçilər heyətində də yer alıb. Bu transfer həm Azərbaycanda, həm də xaricdə böyük maraqla qarşılanıb. Xarici xəbər portallarında futbolçunun yaxın illərdə yaranan kluba keçidindən çox danışılıb. Türkiyənin önəmli mətbu orqanlarından "Fanatik" və "Milliyət" nəşrləri qanalı yarımmüdafiəçinin keçidini sürpriz transfer kimi qələmə vermişdi. Xəbəri "Fanatik" "İlin transfer sürprizi! Maykl Esyen imzaladı", "Milliyət" isə "Esyendən ikili imza! Haradan haraya" başlığı ilə yayımlamışdı. Polşanın “Cksport.pl” saytı isə dünya futbolunun əfsanəvi oyunçularının hazırkı karyerası barədə məqaləsində Masyl Esyenə də toxunmuş və onun Azərbaycan çempionatına gəlməsinə bu cür şərh vermişdi:

“Səbail” hazırda çempionatda səkkizinci yerdədir. Onlar ölkənin ən zəif klubudur. Komandanın əksəriyyəti azərbaycanlılardan ibarətdir. Ancaq heyətdə bir neçə əcnəbi oyunçular da görmək olur. Bunların arasında Avropa futbolunun böyük ulduzu Esyen də var. O, möhtəşəm karyeranın ardından Azərbaycana gedib. Ola bilsin ki, yeni yerlər kəşf etmək niyyətindədir. Təsadüfü deyil ki, Maykl “Səbail”də aparıcı rol oynamır".

Qeyd edək ki, Qana millisinin sabiq üzvü Bakı klubunda illik 250 min avro məvacib alır. O, komandada ən çox maaş alan oyunçudur.

Emil Mpenza

Azərbaycan çempionatında top qovan daha bir məşhur oyunçu Emil Mpenza olub. O, 2010-2012-ci illər aralığında “Neftçi”nin şərəfini qoruyub. 31 qarşılaşmada meydana çıxan hücumçu 6 qola imza atıb. Daha öncə belçikalı oyunçuya böyük ümidlər bəslənsə də, o bu ümidlərin tam şəkildə qarşılığını verə bilməmişdi. O, öz müsahibələrinin birində də buna toxunmuşdu. Həmçinin onun ölkəmizə gəlməsi Belçika millisinə olan qapılarını da bağlamışdı. Oyunçunun Azərbaycan çempionatını seçməsində yaxşı maaşın rolunun olduğu barədə yerli mətbuatda tez-tez yazılar gedirdi:

"Mən professional futbolçuyam. Ara-sıra "Emil Mpenza Azərbaycana pul dalınca gəlib" kimi ictimai fikirlər səsləndirirlər. Mən Emil Mpenzayam, böyük klublarda illik müqaviləm 5-6 milyon avro olub, sizcə, mənim pula ehtiyacım varmı? Əksinə, Azərbaycana gəlməyimlə millinin də qapıları üzümə bağlandı. Amma mən heç vaxt qərar verdiyim işdən peşman olmuram", - deyə o, müsahibələrinin birində mədəni şəkildə etirazını da bildirmişdi. Qeyd edək ki, futbolçu müxtəlif zamanlarda Almaniyanın “Şalke 04” və “Hamburq”, həmçinin İngiltərənin “Mançester Siti” klubunun uğurları üçün çalışıb.

Marat İzmayılov

Azərbaycan çempionatının daha bir əcnəbi məşhur siması Marat İzmayılovdur. “Sportinq”, “Portu” (Portuqaliya), “Dinamo” ( Rusiya) kimi klublarda top qovmuş yarımmüdafiəçi 2014-cü ildə “Qəbələ”də oynayıb. O, "Portu" klubundan icarə əsasında əyalət təmsilçisinə keçmişdi. Bildirək ki, futbolçu Portuqaliya təmsilçisində əsas heyətə düşə bilmirdi. Bu səbəbdən ona gələn təklifləri dəyərləndirən yarımmüdafiəçi Azərbaycan klubuna üz tutmuşdu. Bu barədə müsahibələrinin birində o bildirib:

"Qəbələ”yə hamı bilir ki, Yuri Syominin sayəsində getmişdim. Hər şey mənim üçün əla oldu. Çünki Azərbaycanda oynamağım faydalı oldu. Uzun müddət idi oynamırdım və "Qəbələ”də müntəzəm meydana çıxmağa başladım. Hər şey yaxşı oldu. Syominə mənə güvəndiyi üçün təşəkkür edirəm".

Qeyd edək ki, o, 14 oyunda meydana çıxan futbolçu burada yalnız 1 qol vurmağı bacarmışdı.

Georgi Demetradze

Baxmayaraq ki, bu oyunçu Azərbaycanda kifayət qədər çıxış etmədi, lakin ölkəmizə gəlişi ilə təəccübləndirməyi bacarmışdı. Belə ki, gürcüstanlı hücumçu 2008/2009-cu illər mövsümündə “Bakı”nın şərəfini qoruyub. O, “Feynord” (Hollandiya), “Dinamo” (Ukrayna), “Real” (Sosyedad, İspaniya) kimi klublarda oynayıb. Sabiq futbolçu Bakı klubunda keçirdiyi 10 oyunda 2 qola imza atıb.

Aleksandr İaşvili

2013-2014-cü illərdə “İnter” (Bakı) çıxış etmiş futbolçu da Azərbaycana gələn məşhur legionerlər sırasındadır. O, Almaniyanın “Frayburq”, “Karlsrue” və “Bohum”, Gürcüstanın “Dinamo”, “Samtredia” kimi klublarında forma geyinib. Gürcüstanlı hücumçu Bakı klubunda 33 oyuna çıxıb və 5 qola imza atmağı bacarıb.

Oqtay Dərəlioğlu

Azərbaycan çempionatında çıxış edən ilk tanınmış əcnəbi futbolçu Oqtay Dərəlioğlu olub. 2004-cü ildə “Xəzər Lənkəran”a taransfer olunan türkiyəli hücumçu ona qədər Türkiyənin “Trabzonspor”, “Beşiktaş” və “Fənərbağça”, eləcə də İspaniaynın “Las Palmas”, Almaniyanın “Nürnberq” kimi məşhur komandalarında çıxış etmişdi. Həmçinin Türkiyə milli komandasının şərəfini qoruyan oyunçu çempionatımızda cəmi bir mövsüm oynayıb. Forvard çempionatın gümüş medalını qazanmaqla yanaşı, birinciliyin ən sərrast oyunçusu olmuşdu.

Lorentso Ebesilioya

Bu futbolçunun da adını ölkəmizə gəlmiş tanınmış futbolçular sırasında qeyd edə bilərik. Donetsk 2013-2014-cü il mövsümündə "Qəbələ"də çıxış edib. Yarımmüdafiəçi Ukraynanın “Metallurq” klubundan transfer olmuşdu. Hollandiyalı futbolçu futbol azarkeşlərinə ən çox Hollandiyanın “Ayaks” klubundan tanışdır. O, “Ayaks”ın heyətində 38 qarşılaşmada meydana çıxmış və meydanda 9 dəfə fərqlənməyi bacarmışdı. Ebesilio “Qəbələ”də 32 qarşılaşmada top qovan oyunçu 8 qola imza atıb.