Azərbaycanda klub tapa bilməyən qapıçımız yenidən Maldivə dönür
- 08 Sen 2021 13:00
- 1201
Azərbaycanlı futbolçu karyerasını Maldivdə davam etdirəcək.
Rekord.az xəbər verir ki, bu barədə səbəbkarın özü – Elməddin Məmmədov sportinfo.az-a açıqlamasında bildirib.
Vaxtilə Qırğızıstan, Gürcüstan, Malta kimi ölkələrdə legioner həyatı yaşamış 25 yaşlı qapıçı Azərbaycan klublarından təklif almadığından, Maldivə dönməyi planlaşdırır:
“Bildiyiniz kimi, son mövsümü Maldivin “TC Sports Club” klubunda çıxış etdim. Düzü, ordakı şərait və şərtlər qaneedicidir. Lakin vətəndə, azərbaycanlı futbolsevərlərin gözü qarşısında oynamaq tam başqadır.
İyundan buradayam, məşqlər edir, fiziki formamı qorumağa çalışıram. Bu müddətdə yerli klublardan ciddi təklif almadım. Ona görə də yenidən Maldivə qayıdacam”.
Məmmədov bunun üçün bir qədər də gözləməlidir: “Yeganə narahatlığım orada çempionatın gec başlamasıdır.
Mövsüm oktyabrda start götürəcək. Bu isə təxminən 4 ay futbolsuz qalmağım anlamına gəlir. Sağlıq olsun, gələn ay Maldivə yola düşəcəm”.
Elməddin Məmmədov vaxtilə “Bakı”, “Zirə” və “Sabah”ın sıralarında olub.