Azərbaycandakı ilk "Qızıl oyun"nun hakimi: "Gecə saat 3-də zəng etdilər ki..." MÜSAHİBƏ
- 27 Fev 2024 15:00
- 923
Müstəqil Azərbaycanın tanınmış hakimlərindən olmuş, 2001-ci ildə "Şəmkir"lə "Neftçi" arasında keçirilən məhşur "Qızıl oyun"u idarə etmiş Məhəmməd Məmmədov Rekord.az-a müsahibə verib:
- Məhəmməd müəllim, neynirsiniz, hazırda nə işlə məşğulsunuz, gəlin, elə bundan başlayaq...
- Hazırda "Kəpəz" klubunun U-11 komandasının baş məşqçisiyəm.
- Keçmiş hakimin məşqçi işləməsi nə dərəcədə çətindi?
- Onu deyim ki, mən 1987-92-ci illərdə bədən tərbiyəsi instutunu (Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirmişəm. Özüm də respublikanın əməkdar məşqçisiyəm. Yəni hakimlik dövründə də məşqçilik eləmişəm, gənclər və idman baş idarəsinin nəzdində. AFFA-nın bayrağı altında olan yarışlarda iştirak üçün komandamız "Kəpəz"in adından çıxış etməyə başladı.
- Bu arada, hakimlikdən nə zaman getdiniz?
- 2006-cı ildən.
- Neçə il hakimlik etdiniz?
- 1992-ci ildə, ilk milli çempionatımız yaranan ildən 2006-cı ilə kimi hakimlik etdim.
- Ondan sonra sırf məşqçiliklə məşğul olmağa başladınız?
- Xeyr, çempionat oyunlarına da hakim-inspektor kimi gedirdim. 2018-ci ilə kimi hakim-inspektor kimi də fəaliyyətim olub. Sonradan dedilər ki, "Kəpəz"də məşqçi işlədiyin üçün oyunlara hakim-inspektor kimi gedə bilmərsən.
- Kim dedi bunu?
- AFFA-dan dedilər. Ştuxlik gələndən sonra oldu. Dedilər ki, hakim-inspektor kimi təyinat almaq istəyirsənsə, "Kəpəz"dən ayrılmalısan Mən də dedim ki, respublikanın əməkdar məşqçisiyəm, ali təhsilim var, sən zəmanət verirsən ki, mən "Kəpəz"dən ayrılandan sonra davamlı olaraq, hakim-inspektor kimi təyinat alacam? Ayda bir oyun verəcəksən, mən də 8 nəfərlik külfət sahibiyəm, o bir oyunun pulu ilə ailəmi dolandıra biləcəm? Ömrümün 29 ilini futbola sərf etmişəm, AFFA yaranan gündən orda olmuşam, dedilər ki, UEFA-nın konvensiyası belədir, məşqçi işləyə-işləyə oyunlara hakim-inspektor kimi getmək olmaz. Əvvəl əsəblə qarşıladım. Ölkədə ilk "Qızıl oyun"u idarə etmiş hakiməm, 2001-ci il Sumqayıtda keçirilən "Şəmkir" - "Neftçi" oyununu. Məndən sonra iki "Qızıl oyun" olub, ikisini də əcnəbilər idarə edib. Bundan başqa, həmin il Azərbaycan kubokunun finalını idarə etmişəm: "Neftçi" - "Şəfa". Bu mənada qoyulan şərt mənə pis təsir elədi, aqressiv qarşıladım, amma yekunda razılaşdım. Amma o vaxtkı baş katib Elxan Məmmədova müraciət etmişdim. O da demişdi ki, adıma bir ərizə yaz, göndər. Mən də yazıb poçtla göndərdim, amma cavab gəlmədi. Zəng elədim, dedilər ikinci məktubu göndər. Göndərdim, yenə bir nəticə olmadı. Sonra Sərxan Hacıyuev bu posta gələndə, ona da müraciət elədim, o da dedi ki, məktub yaz, amma özünlə bağlı bütün məlumatlar orada əks olunsun. Ali təhsil, hakimlik karyerası, hakim-inspektorluq karyerası, məşqçi kimi nəticələrim və s. Onların da hamısını yazdım. Çünki məşqçi kimi yetirmələrim də tanınan futbolçular olub. Elə Azər Məmmədovun adını çəkmək kifayət edir. Hələ Faiq Cabbarovu demirəm. Hazırda da "Kəpəz"in uşaq futbolunda nə qədər yetirməm var. Mənim futboldan başqa sənətim yoxdur. Dedim hakim-inspektor kimi qoymursunuza, heç olmasa AFFA nümayəndəsi kimi gedim. Sadəcə, dedilər ki, hakim olduğun üçün AFFA nümayəndəsi kimi gedə bilmərsən. Mən də "çörək kəsən" oğlan deyiləm, ad çəkmədim, amma dedim ki axı bu gün oyunlara AFFA nümayəndəsi kimi gedən keçmiş hakimlər var. Hətta yan xətt hakimləri. Özü də Premyer Liqada hakim-inspektor kimi təyinat almaq üçün ən azı 5 illik hakimlik "staj"ın olmalıdı. Nə isə, gördüm xeyiri yoxdu, küsdüm, həyatımla da barışdım, dedim eybi yox, bu günə kimi beş işləmişəm, bundan sonra on beş işləyərəm, başımı aşağı salıb Gəncə futbolu üçün uşaq yetişdirərəm. Ailəmin çörək pulu burdan çıxır.
- Hazırkı işinizdən razısınız?
- Çox razıyam, sağ olsun "Kəpəz" rəhbərliyi.
- Baxırıq şəraitiniz də xeyli yaxşılaşıb...
- Min şükür. Mənə belə gəlir ki, belə bir akademiya bəlkə də respublikada yoxdur. AFFA rəhbərliyi də sağ olun, "Kəpəz" rəhbərliyi də sağ olsun, mən də işimdən razıyam.
- Yəqin ki, bütün görülən bu işlər qısa zamanda Gəncə futbolunun inkişafına da təkan verəcək...
- Yəqin ki. Çünki futbolçunun, idmançının ilk növbədə şəraiti olmalıdır. Pinəçinin əlindən iynə-sapını al, görüm nə tikəcək. Futbolçu da belədi.
- Uşaq futbolunun, uşaq liqalarının hazırkı səviyyəsi nə dərəcədə sizi qane edir?
- Öz işlədiyim liqaları deyim, 8-13 yaş arası, biz zona üzrə yalnız Gəncədə oynayırıq. Məsələn, U-8, U-9 liqasının təşkilini çox alqışlayıram. Bildiyiniz kimi, avrokuboklara lisenziyanın şərtlərinə görə ən azı U-10 liqasından başlayaraq, uşaq komandaların olmalıdır. Amma sənin əlində U-8 komandası da olanda həmin uşaqlar iki ildən sonra U-10 liqasına hazır gəlir. O uşağın da üzərində 5-6 il işləyəndən sonra hansısa klubda oynayacaq səviyyəyə çatdırmaq olur.
- Tərəfdarısınız ki, uşaqlar futbola daha erkən yaşda başlamalıdır...
- Bəli. Onsuz da biz o yaşda uşaqlara heç bir taktika öyrətmirik, onlara futbolu sevdiririk. İmkan veririk ki, necə istəyirlər, oynasınlar. Allah ona aldatmaq bacarığını veribsə, sən də ona o şəraiti yaratmalısan ki, bacarığını daha da artırsın. Yoxsa "aldatma", "olmaz" kimi qadağalar olmaz. İmkan ver, nə qədər bacarır aldatsın. Tədricən iki ilə təkmilləşəcək. Özü də deyim ki, çox istedadlı uşaqlarımız var. 2005-ci il təvəllüdlü futbolçularımız Azərbaycan çempionu olmuşdular, Bayılda "Qəbələ"ni məğlub etmişdilər. Həmin komandanın kapitanı Sadiq Şəfiyev hazırda "Turan Tovuz"da oynayır. Bundan başqa, "Kəpəz"in əvəzedici komandasında da həmin çempion uşaqlardan oynayanlar var və sağ olsun, baş məşqçi həmin uşaqları imkan düşəndə əsas komandanın da hazırlıqlarına cəlb edir. Bilirsiniz ki, Gəncədə həmişə futbol olub, Gəncə futbol məktəbidi. Sadəcə, bir dönəm Gəncədə futbolun olmaması bizi çox geri atdı. Ona görə hər zaman cavan məşqçilərə tövsiyyə edirəm ki, sən Gəncə çörəyi yeyirsən, çalış futbolçu yetişdir, onsuz sənətin budur. Peşəkar futbolçu da olmasa, heç olmasa sağlam nəsil yetişdirək, gələcəyin əsgərlərini yetişdirək, şəxsiyyət yetişdirək. Onların içindən heç olmasa 2-3 nəfər peşəkar futbolçu çıxsa, bu da bizim əməyimizin bəhrəsidi.
- Sizinlə danışıb hakimlik mövzusuna toxunmasam olmaz. Mövcud durumu siz də görürsünüz. Azərbaycandakı hazırkı futbol hakimliyinin durumu sizi nə dərəcədə qane edir, problemlərin əsas səbəbini nədə görürsünüz?
- Bizim vaxtımızda əksəriyyət futboldan hakimliyə gələn şəxslər idi. O vaxt hakimlik etmək də ağır idi. Evdə oynayan komanda qalib gəlməlidir, nə bilim filan-filan... Şükür Allaha ki, bu gün hakimlikdə belə bir problem yoxdu. Yəni çox rahatdılar, heç bir təzyiq yoxdu. Kimin hünəri nədir, hakimə nə isə desin. Amma məsələ budur ki, futbol kontakt oyunudur, istədin-istəmədin, ayaq ayağa dəyməlidir. Təəssüf ki, bizim hakimlərin əksəriyyəti hələ bunu seçə bilmir. Bir də son zamanlar dəb düşüb, sarı, qırmızı vərəqələrlə futbolçunun gözünü qorxaq öyrədirlər. Niyə hər şeyə sarı verirsən? Axı sən meydançada müəllimsən, onu başa salmalısan. Mən həmişə cavan hakimlərə deyirdim ki, meydançada 22 futbolçu var, əlavə olaraq da ehtiyatda oturan texniki heyət. Bunlar olmasa, biz kimin oyununa hakimlik edərik? Sən də onlara şəxsiyyət kimi yanaş. Sən qarşındakı insana şəxsiyyət kimi yanaşsan, o da beş artığını sənə qaytaracaq. Elə qaba hərəkətlər edirsiniz ki, adamı özündən çıxardırsınız, sonra da protokola yazırsınız ki, filan məşqçi mənə filan sözü dedi. Belə hakimlik eləmək olmaz. 17 oyun qaydasını əzbərləməklə hakimlik etmək olmaz. O 17 oyun qaydasını meydançada tətbiq etmək lazımdı. Bir də yazılmamış 18-ci qanunumuz var da, hakimin başı, gərək o oyun qaydalarını meydançada tətbiq edəsən. Düzdür, bu problem tək bizdə deyil. "Qarabağ"ın oyununu idarə edən hakim. Bizim futbolçuya verilən ikinci sarı vərəqə haqlı idi, sözüm yox. Baxmayaraq ki, ilk epizodda sarı verməmək də olardı. Amma eyni qayda pozuntusunu rəqib edəndə niyə vermirsən? Həmin futbolçunun da sarı vərəqəsi var idi, ikinci sarını versən, o da meydançadan qovulacaqdı. Qurban Qurbnanov kimi sakit adamı özündən çıxartdın. Həmçinin köməkçisi Elçin Rəhmanov. Allah onun atas Əli Rəhmanova qəni-qəni rəhmət eləsin, Əli müəllimlə çox gözəl münasibətimiz var idi. Elçin kimi sakit adama qırmızı vermək olar? Bu gün hakimlərə elə səlahiyyət verilib ki, get, vur, çap, tapa, amma oyunu idarə elə. Qarşındakı insanı saymalısan, hörmət etməlisən.
- AFFA Hakimlər Komitəsinin sədrinin əcnəbi olması nə dərəcədə düzgündür?
- Mən həmişə bunun əlehinə olmuşam. Tofiq Bəhramov, Eldar Əzimzadə, Əli Hüseynov, Gülağa Cabbarov, Xaqani Məmmədov, bunlah hakimlər komitəsinin sədri olanda, məgər pis idi? Görün, nə gözəl hakimlərimiz var. İndi bu əcnəbi gəlib, iki gündən bir də oyunlara gedir. Bəs bu hakimlərlə nə vaxt işləyəcək?
- Yeri gəlmişkən, Barış Şimşəyin hakim-inspektor kimi oyunlara getməsi də müzakirələrə yol açır...
- Nəyə görə? Sən bura gəlmisən oyunlara getməyə? Bizdə hər zaman elə oyunlar olur ki, çox vacib, 6 xallıq, 9 xallıq oyunlar olur. Sən həmin oyunlara Hakimlər Komitəsinin sədri qismində getməlisən. Hakimlərin idarəçiliyinə o cür baxmalısan, komitə sədri kimi, hakim-inspektor kimi yox. Sən gəlmisən bura hakim yetişdirməyə. Balacaboy-balacaboy hakimləri yığıblar ora. Avropa belə hakimləri qəbul eləmir. Asim Xudiyevdən çox Avropa oyunu alan var idi? Boy var, buxun var, futboldan çıxmışdı, ingilis dilini bilirdi. Dostumdu deyə demirəm, haqqı, ədaləti deyirəm. Görünüş də çox önəmlidir, futbolçu hakimə yuxarıdan aşağı baxmamalıdır, futbolçu hakimin zəhmindən çəkinməlidir. Hakimin çəkisi, sözünün kəsəri olmalıdır, hər iki komanda onun qərarlarına hörmətlə yanaşmalıdır. Bu gün hakimlərə bütün şərait yaradılıb, ölkə xaricində toplanış keçirlər. Bizim vaxtımızda belə şey yox idi. Ya Suraxanıda hazırlıq keçirdik, ya da Buzovnada. Amma hakimliyimiz var idi.
- Diqqətimi çəkən bir məqam da var ki, sizin dövrünüzdə hər bölgədən hakim var idi. İndi bütün hakimlər Bakını təmsil edir...
- Əvvəllər AFFA bu işə maliyyə ayırırdı. Məsələn, mənə deyirdilər ki, get, gəz, hakimliyə yarayan gəncləri seç, hakim yetişdir. Otaq da vermişdilər, meydança da vermişdilər, mən də həmin cavan uşaqlarla işləyirdim. Sonra həmin hakimlərə oyun verirdilər və məni də həmin hakimlərin oyunlarına ezam edirdilər ki, onların idarəçiliyinə baxım, izləyim görüm keçdiyim məşqləri oyunda tətbiq edə bilirlər, ya yox. Gəncədə mən idim, Mingəçevirdə Rövşən Əhmədov. Yaxşı da hakimlər yetişirdi. Günlərin bir günü yatdıq-durduq, dedilər ki, həmin layihə ləğv olunub. Ona görə də bu gün bölgələrdə hakim yoxdu. Bunu yenidən qaytarsalar, çox yaxşı olar. Böyük maliyyə də lazım deyil. Müəyyən maliyyə ayırılsın, şərait yaradılsın, biz də gedib gənclər arasından, 19-20 yaşlı futbolçular arasından futbolçu kimi perspektivi olmayan uşaqların "saqqızını oğurlayıb" hakimliyə cəlb edək.
- 1992-ci ildən 2006-cı ilə kimi hakimlik etdiyinizi dediniz. Karyeranızda ən yaddaqalan oyun hansı olub?
- Çox çətin oyunlar idarə etmişəm. Elə vaxt olub həftədə 4 oyun idarə etmişəm. Məsələn, Suraxanıda "Qarabağ" - "Neftçi" matçında hakimlik etmişəm, məni saxlayıblar Bakıda, səhəri gün göndəriblər Lənkərana "Xəzər Lənkəran" - "Karvan" matçına. Olub ki, dördüncü gün Bakıda kubok oyunu idarə etmişəm, şənbə-bazar Zaqatalaya, Tovuza, yaxud Bərdəyə getmişəm. Yenə deyirəm, o vaxt hakimlik etmək çətin idi. Klub rəhbərlərinin belə bir iddiası var idi ki, zəif oldum, güclü oldum, fərqi yoxdu, evdə oynayıramsa, mütləq udmalıyam. Elə bölgələrimiz var idi ki, orda, ümumiyyətlə, hakimlik etmək çətin idi. Elə Gəncənin özündə də, həmçinin. Bunu danmaq olmaz. Elə etmək lazımdır ki, hakimlərə hörmətlə yanaşsınlar. Məsələn, Əliyar Ağayevi görəndə desinlər ki, bunu o günü televizorda gördüm, gəlib bizim oyunu idarə etməyə. Məni hakimliyə rəhmətlik Müzəffər Qasımv gətirib. Şəhər birinciliyində, spartakiadalarda hakimlik edirdim. Sizə 1985-ci ildən danışıram, gənc vaxtlarımdan. Müzəffər müəllim mənbi böyük hakimliyə gətirdi. Rüstəm Rəhimovla danışdılar yüksək liqaya cəlb elədilər. 3 aydan sonra Siyəzəndə yüksək liqa oyunu idarə edirdim. Həmin vaxt Əblülqəni Nurməmmədov orda baş məşqçi idi. Oyundan sonra dedilər ki, bəs getmə, Rüstəm Rəhimov deyir ki, sabah Respublika stadionunda oyun var, onu idarə etməlisən. Özüm də təəccübləndim ki, axı mənim üçün tezdi, dedilər heç nə olmaz, göstəricilərin yaxşıdı, öhdəsindən gələrsən. O vaxt "Neftçi" oynayırdı. İlk dəfə stadiona ayaq basanda dedim görən mən hara düşmüşəm. İlk 5 dəqiqə əməlli-başlı həyəcan keçirdim. Sonra hər şey qaydasına düşdü.
- 2001-ci ildə keçirilən ilk "Qızıl oyun"nun da baş hakimi olmusunuz. "Neftçi" - "Şəmkir" oyununun. Həmin oyuna təyinatınız necə baş verdi, çox maraqlıdı...
- Həmin ərəfədə mən İmişlidə oyunda idim. I dəstədən yüksək liqaya vəsiqənin taleyinin həll olunduğu oyun idi. İmişli də bilirsiniz də Gəncədən uzaq yerləşir. Gecə saat 3-4 arası gəlib evə çatdım. O vaxtı da mobil telefon yox idi. Məlik Həsənov ev telefonuna zəng elədi ki, təcili formalarını yığ gəl Bakıya səninlə işimiz var. Dedim Məlik müəllim, bəlkə oyunda nə isə problem olub, dedi ki, yox, oyununa görə çox sağ ol, başqa məsələdi, Bakıda bizə lazımsan. Formam da qurumamışdı, yaş idi. Səhərə yaxın getdim Gəncə avtovağzalına, ordan da Bakıya. AFFA-nın o vaxt ağ "Raf"ları var idi məni o vaxtkı baş katib Çingiz İsmayılov qarşıladı və məni apardılar köhnə "İnturist"ə. Axşam da saat 4-5 radələrində məni gətirdilər AFFA-ya. O vaxt da AFFA-nın ofisi keçmiş şahmat klubunda yerləşirdi, Nizami metrosunun yaxınlığında. Rəhmətlik Fuad Musayev də orda idi, görüşdük, ordan-burdan danışdıq, bir az da məni təriflədi, amma hələ də bilmirəm ki, məni bura niyə çağırıblar. "Qızıl oyun" olacağından xəbərim var, amma mənim bu oyuna təyin olunacağım ağlıma gəlmir. Həm də o vaxt 3 beynəlxalq dərəcəli hakimimiz var idi. Fuad Musayev ordan-burdan söhbət eləyəndən sonra qayıtdı ki, bala, mən sənə "Qızıl oyun"u etibar etmək istəyirəm, çalış mənim ümidlərimi doğrult, heç kimdən də qorxma, arxanda duracağıq. Həmin oyun da Sumqayıtda olmuşdu. Amma oyunun startına 2 saat qalana qədər heç kim bilmirdi ki, hakim kim olacaq. Əli Hüseynov həmin oyunun hakim-inspektoru idi. Oyunu yüksək səviyyədə idarə elədik, 1:0 da "Şəmkir" qələbə qazanıb çempion oldu. Həmin oyundan sonra 3 gün məni yenə Bakıda saxladılar, elə həmin stadionda "Neftçi" ilə "Şəfa" arasında ölkə kubokunun oyununu da idarə elədim, həmin oyunda da "Şəfa" qələbə qazandı, ondan sonra Gəncəyə qayıtdım.
- Maraqlıdı, o vaxt nə qədər qonarar alırdınız?
- Vallah "şirvan"la alırdıq, elə böyük məbləğ deyildi. Yəni bu gün hakimlərin aldığı qonararla müqayisədə çox xırda məbləğ idi.