Azərbaycanın 13 cüdoçusu üçün Ulan-Bator sınağı
- 22 İyn 2023 01:01
- 337
Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.
Rekord.az xəbər verir ki, turnirdə ölkəni 8 çəki dərəcəsində ümumilikdə 13 idmançı təmsil edəcək.
Qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyeva (52 kq) qüvvəsini sınayacaq. Kişilərdən isə Kəramət Hüseynov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
23-25 iyunda keçiriləcək Böyük Dəbilqədə dünyanın 45 ölkəsindən 349 idmançı iştirak edəcək.
Qeyd edək ki, yarışa qatılmalı olan cüdoçular Gültac Məmmədəliyeva (48 kq), Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) zədəli olduqlarına görə yığmanın heyətindən çıxarılıblar.
Federasiyadan bildirilib ki, onların zədələri uzunmüddətli deyil, müalicələrinə dərhal başlanılıb. İdmançılar iyulun əvvəlindən etibarən məşqlərə geri dönəcəklər və 4-6 avqustda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Masters turnirində iştirak edəcəklər.