Azərbaycanın 2 boksçusu yarımfinalda
- 20 Avq 2023 17:15
- 412
Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalında boks yarışlarında ikinci günün döyüşləri keçirilir.
Rekord.az xəbər verir ki, Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr edilən turnirdə Azərbaycan millisi artıq 2 medalı təmin edib.
Elbrus Rzayevin rəhbərlik etdiyi komandada Nicat Hüseynovun (54 kq) debütü uğurlu alınıb. Avropa çempionumuz 1/4 finalda belaruslu İvan Zaxarenkonu məğlub edib.
Şəmsi Şahbazov (71 kq) da festivala qələbə ilə başlayıb. O, tacikistanlı Abdulahad Boboyevdən güclü olub.
Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Onlardan fərqli, İlqar Salahov mükafatın bir addımlığında dayanıb. 67 kq çəkidə rinqə çıxan idmançı 1/8 finalda İvan Bezrukova (Rusiya) qalib gəlsə də, ardınca Yəhya Eskanderə (İrak) məğlub olub.
Qeyd edək ki, Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan 10 boksçu ilə təmsil olunur.