Azərbaycanın 2 idmançısı reytinq turnirində qızıl medal qazandı
- 09 Dek 2022 01:03
- 516
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada parataekvondo üzrə qran-pri turnirinin final mərhələsi keçirilib.
Rekord.az xəbər verir ki, ilin yekun yarışında Azərbaycan millisi 2 qızıl medal qazanıb.
Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparan komandamızın heyətində Sabir Zeynalov (58 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, mübarizəyə Panamerika çempionu tituluna sahib braziliyalı üzərində qələbə ilə başlayıb. Zeynalov yarımfinalda dünya reytinq siyahısında 1-ci yerdə qərarlaşan İsrail təmsilçisini məğlub edib. O, həlledici görüşdə dünya reytinqinin ikincisi türkiyəli parataekvondoçuya da qalib gələrək, Ər-Riyadda Azərbaycan himnini səsləndirib.
Zeynalovun uğurunu komanda yoldaşı İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. Təmsilçimiz 1/4 finalda özbəkistanlı rəqibini məğlub edib. O, yarımfinalda dünya 3-cüsü yaponiyalı parataekvondoçuya da şans verməyərək finala yüksəlib. Xəlilov çempionluq uğrunda Tokio-2020-nin bürünc medalçısı olan argentinalı ilə üz-üzə gəlib. Həmyerlimiz inamlı döyüş sayəsində yarışın qızıl medalına yiyələnib.
Hər iki paratekvondoçu qalib olmaqla aktivinə 100 reytinq xalı əlavə edib.
Qran-pri turnirinin final mərhələsində dekabrın 9-da taekvondo yarışları başlayacaq. Azərbaycan turnirdə 173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayevlə təmsil olunacaq.