Azərbaycanın əməkdar məşqçisi ağır durumda: köməyə ehtiyacı var
- 03 Fev 2021 11:00
- 1115
Azərbaycanın əməkdar məşqçisi Sabir Əliyev ağır durumdadır.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssisin bağırsağında şiş aşkarlanıb.
Həkimlər bildirib ki, təcili əməliyyat olunmalıdır. Özü də Əliyevi ağır əməliyyat gözləyir. Bizimlə söhbətində çətinliklə danışan əməkdar məşqçi bildirdi ki, hazırda xəstəxanadadır. Məlum oldu ki, məşqçinin maddi durumu yaxşı deyil və ağır əməliyyatı qarşılamaq iqtidarında deyil. Bir sözlə, Azərbaycan futboluna xeyli sayda futbolçu bəxş edən Sabir müəllimin indi özünün dəstəyə və köməyə şiddətli ehtiyacı var. Xüsusilə AFFA və Sabir müəllimin imkanlı yetirmələri bu duruma biganə qalmasda yaxşı olar.
Qeyd edək ki, Sabir Əliyev xüsusilə Sumqayıt futbolundakı xidmətləri ilə tanınıb, onun rəhbərlik etdiyi "Xəzər" Sumqayıt müstəqil Azərbaycanın ilk iki çempionatında gümüş medal qazanmaqla yadda qalmışdı. Eyni zamanda "Gənclərbirliyi", "Şahdağ" Qusar və Azərbaycanın U-18 millisində də faydalı fəaliyyəti ilə yadda qalmışdı. Biz də öz növbəmizdə Sabir müəllimə Allahdan şəfa diləyir, tezliklə sağalaraq işinin başına dönməsini arzulayırıq!