
Azərbaycanın iki güləşçisi AÇ-nin finalında
- 08 Apr 2025 23:00
- 130
Slovakiyada güləş üzrə Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da finalçılar müəyyənləşib.
Mübarizəyə 1/4 finaldan qoşulan Nürəddin Novruzov (61 kq) albaniyalı dünya çempionu və Avropa ikincisi Zəlimxan Abakarovla bacarmayıb – 2:11.
Ağanəzər Novruzov (74 kq) debütdə belaruslu Yaqor Akuliçi vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Gənc güləşçimiz 1/4 finalda gürcüstanlı Giorgi Elbakidzedən güclü olub – 5:3. Novruzov finalın bir addımlığında albaniyalı olimpiya medalçısı Çermen Valiyevə 0:6 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Həlledici görüşdə rəqib bolqarıstanlı Ramazan Ramazanov olacaq.
Arseniy Djioyev (86 kq) 1/8 finalda rusiyalı olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Artur Nayfonova (UWW) minimal fərqlə uduzub – 1:2.
Osman Nurmaqomedov (92 kq) ukraynalı Denis Sahalyuka (11:0) və belaruslu Yaraslav Yadkovskiyə (10:0) tam üstünlüklə qalib gəlib. Təmsilçimiz yarımfinalda gürcüstanlı dünya ikincisi Miriani Maysuradzeni 5:2 hesabıyla üstələyib. Osman finalda yunanıstanlı Dauren Kuruqliyevlə qarşılaşacaq.
Yarışa 1/4 finaldan start verən Giorgi Meşvildişvili (125 kq) macarıstanlı 3 qat Avropa mükafatçısı Vladislav Baytsayevə 5:0 hesabıyla qalib gəlib. Olimpiya medalçımız yarımfinalda isə gücünü belaruslu Yanis Xramiankova göstərib – 8:5 . Meşvildişvili qızıl medal uğrunda gürcüstanlı Solomon Manaşviliylə güləşəcək.