Azərbaycanın iki güləşçisi dünya çempionu oldu
- 03 Avq 2023 02:41
- 366
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.
Turan Daşdəmirov (45 kq) yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Turan final yolunda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub – 5:1. Daşdəmirov həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevi xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub.
Əli Seyidəlili (51 kq) 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Əli təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə güləşib və xalçanı məyus tərk edib - 5:9.
Roman Kərimov (60 kq) hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlib. Roman finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi 9:5 hesabıyla məyus edib. Kərimov həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmadan minimal fərqlə (4:3) qalib ayrılan Roman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mikayıl İsmayılov (92 kq) türkiyəli Alixan Bərəkətə 5:1 hesabıyla qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırıb. Mikayıl yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabıyla məğlub olub. İsmayılov bürünc medal uğrunda görüşdə iranlı Əliəkbər Aşgarivaladidən güclü olub - 3:1.