Futbol üzrə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA əmsallar cədvəlində növbəti dəyişikliklər qeydə alınıb.

Rekord.az xəbər verir ki, yekun nəticələrə əsasən, Azərbaycan ötən günlə müqayisədə iki pillə geriləyib. 

Ölkəmiz hazırda 14,750 xalla 26-cı yerdə qərarlaşıb. Buna Norveçin "Molde" və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi səbəb olub. Onlar müvafiq olaraq Finlandiyanın “KuPS” (5:0) və Maltanın “Floriana” (2:0) komandalarına qalib gəliblər. Norveç 14.875 xalla 24-cü, Rumıniya isə 14.825 xalla 25-ci sıradadır. 

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu mübarizədən kənarlaşdırıb - 4:0. Ağdam təmsilçisi qələbə sayəsində ölkənin aktivinə 0.375 əmsal yazdırıb.

Xatırladaq ki, "Qarabağ" 2-ci təsnifat mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək. Bu komandalar arasındakı matç avqustun 26-da saat 20:00 Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Növbəti həftə isə Azərbaycanın digər təmsilçiləri "Neftçi", "Sumqayıt" və "Keşlə" Avropa Liqasında mübarizəyə qoşulacaq.