Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu
- 18 May 2024 19:15
- 312
Azərbaycanın yunan-Roma güləşi millisi Yunanıstanın Lutraki şəhərində keçirilən U-15 Avropa çempionatında birinci olub.
Rekord.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız yarışda böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında uğurlu çıxış edib.
Komandamız qitə birinciliyində 10 medal (1 qızıl, 4 gümüş, 5 bürünc) qazanıb. Qurban Məcnunov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Xudayar Kərimov (38 kq), Abdulrəhman Hüseynli (41 kq), Amin Əsgərli (48 kq) və Məhəmməd Orucov (85 kq) ikinci, Ümüd Babayev (38 kq), Hüseyn Vəlizadə (57 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq) və Rauf Mütəllimov (85 kq) isə üçüncü yeri tutub.
Yekunda 158 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ukraynanı 65 xal qabaqlayıb. Ermənistan (92 xal) isə üçüncü yeri tutub. Millimiz 2 il əvvəl Xorvatiyada keçirilən analoji yarışda da çempionluğu bayram etmişdi.
Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə bir yarışda 2 komandamız (sərbəst və yunan-Roma) çempion olub.