Azərbaycanla 3 ölkənin paralimpiya komitəsi arasında memorandum imzalandı
- 22 May 2022 15:29
- 475
Azərbaycan, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya Komitələri arasında anlaşma memorandumu imzalanıb.
Rekord.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Syerra-Leoneyə səfəri çərçivəsində bu ölkənin, eləcə də Qvineya və Liberiya Paralimpiya Komitələrinin rəhbər heyəti ilə görüşü baş tutub.
Görüş iştirakçıları Milli Paralimpiya Komitələrinin fəaliyyətləri, ölkələrində idmanın inkişafı haqqında məlumat veriblər, gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr aparıblar.
İlqar Rəhimov milli paralimpiya komitələrinin davamlı inkişafını təmin etmək məqsədilə digər dövlətlərin paralimpiya komitələri, müvafiq dövlət qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla sıx əlaqədə olmalarını tövsiyə edib. Eyni zamanda tədbirdə görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, Liberiya və Qvineyanın da tezliklə IBSA-ya üzv olmaları müzakirə edilib.
Daha sonra Azərbaycan, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya Komitələri arasında anlaşma memorandumu imzalanıb. Memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir.
Görüşdə Syerra-Leone Olimpiya Komitəsinin, idman federasiyalarının nümayəndələri, eləcə də tanınmış idmançılar da iştirak ediblər.