"Azərbaycanla oyuna köklənmək çətin deyildi"
- 20 Noy 2019 17:22
- 878
"Biz bilirdik ki, Azərbaycan səfərdə evdəki kimi oynamır. Oyunboyu onların müdafiəsini təzyiqdə saxlamalı idik. İlk qol bizə çox kömək oldu. Azərbaycanla oyuna köklənmək çətin deyildi".
Rekord.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin forvardı Robert Bojenik deyib.
AVRO-2020-nin seçmə mərhələsinin son turunda Slovakiya ilə qarşılaşan millimiz Trnavada 0:2 hesabı ilə məğlub oldu.
Millimizin qapısına vurulan ilk qolun müəllifi olan Bojenik matçla bağlı danışıb. O, Avropa çempionatına vəsiqə qazana bilməsələr də, millimiz üzərindəki qələbənin onlar üçün önəmli olduğunu bildirib:
"Azərbaycanla oyunda qalib gəlmək bizim üçün önəmli idi. Qalib gəldik, amma Avropa çempionatına vəsiqə qazana bilmədik. Seçmə mərhələni qələbə ilə başa vurmaq xoşdur. Futbolçular bir-biri üçün oynadı, köməkləşdik və qalib gəldik. Avropa çempionatına tsikldən vəsiqə qazana bilməsək də, hələ şansımız var. Mübarizəmizi davam etdirəcəyik".