AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə son oyunda poker edən Belçika yığmasının futbolçusu Romelu Lukaku rekorda imza atıb.

"Rekord.az" “Report”a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu cari tsikli 14 qolla tamamlayaraq buna nail olub.

O, bir seçmə mərhələdə ən çox qol vuran oyunçu kimi tarixə düşüb. Lukaku şimali irlandiyalı Devid Hili (AVRO-2008) və polşalı Robert Levandovskiyə (AVRO-2016) məxsus 13 qolluq rekordu yeniləyib.

Lukaku Belçika millisindəki qol sayını isə 83-ə çatdırıb. Robert Levandovskini (81 qol) geridə qoyan forvard Avropa yığmalarının bombardirlərinin siyahısında 3-cü yerə yüksəlib. Onu yalnız Portuqaliya millisinin heyətində 128 dəfə fərqlənən Kriştianu Ronaldu və hesabında 84 qol olan Ferents Puşkaş (Macarıstan, İspaniya) qabaqlayır.

Qeyd edək ki, Belçika yığması Brüsseldə keçirilən görüşdə Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib. “Qırmızı şeytanlar” 20 xalla F qrupunu 1-ci pillədə tamamlayıb. Canni De Byazinin rəhbərlik etdiyi komandamız isə 7 xalla 4-cü olub.