Azərbaycanlı atletdən Avropa birinciliyində 3 “qızıl”
- 06 İyl 2023 23:01
- 417
Moldovanın paytaxtı Kişinyovda keçirilən yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Bu dəfə körpücük üzərinə Ravin Alməmmədov çıxıb. O, yaşı 17-yə qədər olan oğlanlar arasında 73 kq çəki dərəcəsində mübarizə aparıb.
“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə qızıl medal qazanıb. Ravin təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 162 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala sahib çıxıb.
Toplam 299 kq (137+162) nəticə göstərən Alməmmədov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb!