Tokio Olimpiadasının bürünc medalçısı, dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov maraqlı açıqlama ilə gündəmə düşüb.

Rekord.az xəbər verir ki, Yunan-Roma güləşçisi bir neçə dildə sərbəst danışdığını deyib:
 

“Görüşlərdən sonra bizdən müsahibə alınanda ağzımıza gələni danışırıq. Sonra oturub baxıram və görürəm ki, ingiliscə zamanları qarışdırmışam. Qələbədən sonra eyforiyada olursan, adam ağzına gələni danışır. Əlbəttə, sevincdən qaynaqlanır. İngilis dilini həm məktəbdə yaxşı oxumuşam, həm də anam ingilis dili müəllimidi. O, mənə həm dərs deyib, həm də öyrədib. İngilis dilini bilməyimin səbəbi budu. Rus və türk, həmçinin müəyyən səviyyədə düşmənin dilini də bilirəm. Təbii ki, praktika olmayanda çətin olur. Amma erməni xəbər saytlarında nə danışdıqlarına qulaq asıram ki, praktikam olsun. Düşmənin dilini bilməkdən yaxşı şey yoxdu. Bu, mənə idmanda da çox kömək olub. Məsələn, rəqibin baş məşqçisinin nə dediyini başa düşmüşəm. 2019-cu ildə Tiflisdə keçirilən “Qran-pri”də erməni dünya və Avropa çempionu ilə qarşılaşırdım. Mən parter vəziyyətində olanda məşqçi idmançısına qışqırırdı ki, ayağa qalx. Mən də bunu başa düşüb, əks-fənd edib, xalımı qazandım və görüşü qələbə ilə başa vurdum. Yəni bir növ onun dediyi mənə kömək oldu”. ("Futbol plus")