Azərbaycanlı hakimlər üçün vebinar
- 02 İyn 2020 20:00
- 1154
Bu gün Dünya Güləş Birliyinin (UWW) Hakimlər Komissiyasının sədri Antonio Silvestrinin iştirakıyla milli federasiyaların hakimləri üçün vebinar təşkil olunub.
Rekord.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan vebinarda hakimlərimiz də iştirak edib.
Əvvəlcə UWW-nin prezidenti Nenad Laloviç çıxış edərək vebinar iştirakçılarını salamlayıb və tədbirə göstərdikləri marağa görə onlara təşəkkür edib. O, mövcud vəziyyətlə əlaqədar olaraq vebinarların bundan sonra da davam edəcəyini diqqətə çatdıraraq, hamıya uğurlar arzulayıb.
Daha sonra Antonio Silvestri hakimliklə bağlı müxtəlif məsələləri diqqətə çatdırıb:
“Hakimlər Komissiyası yaranmış xüsusi vəziyyəti nəzərə alaraq, maksimum həssaslıqla buna uyğun hərəkət edəcək. Beynəlxalq hakimlərin kateqoriyaları 2020-ci ildə sabit qalacaq. Komissiya 1-4-cü səviyyədə olan kursların təşkili ilə bağlı plan hazırlamaq üçün təqvim üzərində işləyir. Milli federasiyalar mümkün olduğu qədər yerli yarışlarda, təlimlərdə və seminarlarda hakimlərin təcrübəsinin kifayət qədər artırılmasına nail olsun. Hamımız özümüzü mental olaraq hazırlamalıyıq. UWW beynəlxalq yarışlar üçün “yaşıl işıq” yandıran kimi, bu turnirlərə tam hazır olmalıyıq. Olimpiya kateqoriyalı hakimlər bu il qitə birinciliklərində bacarıqlarını nümayiş etdirdilər. Tokio Olimpiadası üçün hakimlərin seçim prosesi gələn il davam etdiriləcək. Hakimlər Komissiyası İnkişaf, Texniki və Tibbi Komissiya ilə sıx işləyir. Yeni tədris platforması və proqramı iyunda start götürəcək. Bəzi milli federasiyalar çoxlu yeni ideyalar üzərində işləyir. Onları paylaşın və bizə ən yaxşı təcrübələrinizi təqdim edin. Bu ideyaları saytımızda da dərc edəcəyik. Vebinar videoyazı formasında bütün federasiyalara göndəriləcək və yerli hakimlərin hamısını bu barədə məlumatlandırmağınızı xahiş edirik”.
Sonda qeyd edilib ki, hakimliklə bağlı istənilən suallar Silvestrinin və ya UWW-nin elektron poçtuna göndərilə bilər. Vebinarın yekununda müxtəlif ölkələrdən olan hakimlərin sualları cavablandırılıb.