Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2019-cu ildə milli səviyyədə 1350 test keçirib.

Rekord.az xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, testlərdən 549-u yarış müddətində, 801-i yarışdan kənar müddətdə aparılıb. 2018-ci ildə yoxlama sayı 863, 2017-ci ildə 435 olub. Beləliklə, bu il test sayı əvvəlki illə müqayisədə 56,4 faiz, 2017-ci ilə nəzərən 3,1 dəfə artıb. Bu il 16 antidopinq qayda pozuntusu aşkarlanıb. Lakin hələ araşdırmalar davam edir və tam dəqiq rəqəm 2020-ci ilin ilk aylarında məlum olacaq.

2018-ci ildə bu rəqəm 27, 2017-ci ildə 22 olub. Antidopinq pozuntularından 4-ü ağırlıqqaldırma, 4-ü boks, hərəyə 2-si karate və güləş, hərəyə 1-i atıcılıq, sambo, cüdo və atletika növündə olub.

Dopinq testləri nəticəsində bir idmançıya 12 illik diskvalifikasiya tətbiq olunub. Lakin həmin idmançının adı və təmsil etdiyi idman növü açıqlanmayıb. Hazırda işin appelyasiyada olduğu bildirilir.