Azərbaycanlı idmançıya Rusiyada haqsızlıq edildi
- 28 Sen 2020 10:33
- 809
Rusiyanın Sankt-Peterburq şəhərində “M-1 Global” təşkilatının keçirdiyi “MMA Series 15: Yeni Qəhrəmanların Vaxtı” adlı turnir qalmaqalla yadda qalıb.
Rekord.az xəbər verir ki, iki gün əvvəl keçirilmiş döyüş gecəsində Azərbaycanın yeganə məğlubiyyətsiz qadın idmançısı Gözəl Zutovaya qarşı yerli idmançı Darya Jeleznyakova ilə görüşdə haqsızlıq edilib.
Bu barədə Zutovanın şəxsi məşqçisi Yusif Əliyev oxu.az-a açıqlamasında deyib: “Qələbə mərkəz hakiminin yerlibazlığı, tərəfkeşliyi sayəsində ikinci raundda rəqibə verildi.
Dünya MMA Federasiyasında və peşəkar döyüşdə belə bir qayda var ki, açıq sifətə 10 zərbə vurulursa, döyüş dayandırılmalıdır. Birinci raundda rəqibə 17, ikinci raundda 25 zərbə vurulsa da, döyüş dayandırılmadı.
Ona görə də rəqibə verilən qələbəni haqsız hesab edirik. Aktivliyinə görə döyüşdə qələbə rəqibə verildi. Amma qərardan protest vermişik. Gözələ məğlubiyyət yazılmayacaq”.
İdmançının özü isə saytımıza açıqlamasında təkrar döyüşün olacağını bildirib. Bu təşkilatın sentyabrın 11-də keçirdiyi “M1 Selection Online” turnirində də iki azərbaycanlı iştirak etmişdi.
Rinqdə keçirilən döyüşlərdə ağır çəkidə Zaur Hacıbabayev rusiyalı İsmayıl Saqova qalib gəlsə də, Tahir Abdullayev yerli idmançı Ramazan Həsənovla görüşə səhhətinə görə çıxa bilməmişdi.