Azərbaycanlı məşqçi: "Millətçilik edən erməniləri dərhal qovuram" MÜSAHİBƏ
- 15 May 2020 18:00
- 1299
Rekord.az boks üzrə əsas və gənclər millimizin sabiq baş məşqçisi Vaqif Şirinovun müsahibəsini təqdim edir:
– Hazırda harada işləyirsiniz?
– Moskvada Olimpiya Ehtiyatları Məktəbində baş məşqçi işləyirəm. Çalışırıq ki, Rusiya millisi üçün boksçular yetişdirək.
– Koronavirusun ən çox yayıldığı ölkələrdən biri də Rusiyadır. Orada idmanla bağlı son durum necədir?
– İdman zalları bağlıdır. Amma yığmalara namizəd olan boksçulara onlayn şəkildə tapşırıqlar veririk ki, fiziki formadan düşməsinlər.
– Azərbaycan boksunu da izləyirsiniz?
– Bəli. Məşqçilərdən Etibar Abdullayev, Oqtay İbrahimov, Rasim Məmmədov və İlham Əlimcanovla əlaqəm var.
– Siz iyulda komandadan gedəndə səhhətinizlə bağlı istefa verdiyiniz açıqlandı. Amma indi yenə məşqçi işləyirsinizsə, deməli, səhhət məsələsi o qədər də ciddi səbəb deyilmiş. Buradan ayrılmağınıza gətirib çıxaran hansısa inciklik də olub?
– Millidən ayrılmağımın əsas səbəbi səhhətimdir. Çünki ağciyərlərimdə problem vardı, bronxial astma xəstəsi idim. Əsəbiləşəndə nəfəs ala bilmirdim. 15 ildir ki, xəstəyəm. Ağciyərlərə oksigen qəbul etmək üçün xüsusi müştükdən istifadə edirdim. İndi bir az düzəlmişəm. Ürəyimdən də əməliyyat olunmuşam. Hazırda Rusiya milli komandaları üçün boksçu yetişdirirəm. Həmçinin peşəkar boksçu tələbəm də var. O, Sankt-Peterburqdakı son reytinq döyüşündə Almaniya ermənisini üçüncü raundda nokauta saldı... Mən Azərbaycanın gənclər millisinə baş məşqçi getməzdən əvvəl də Olimpiya Ehtiyatları Məktəbində işləyirdim. “Ev”imə qayıtmışam. Burada oktyabrdan işləyirəm.
– Necə oldu ki, istefa verdiniz?
– İkinci Avropa Oyunlarından sonra Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılovla və baş katib Nağı Səfərovla söhbət etdim. Onlara bildirdim ki, məni bağışlayın, səhhətimə görə getməliyəm. Həmçinin, razılaşmadığım bəzi məqamlar vardı ki, bu səbəbdən ayrılmaq istədim. Bu, həm mənim, həm də komanda üçün yaxşı qərar idi. Həmin məqamları telefon söhbətində açıqlamaq istəmirəm.
– Siz getdikdən sonra millidə yetirmələrinizdən Elvin Məmişzadə karyerasını bitirdi. Xəbəriniz oldumu?
– Boks dəyişdiyi üçün nəsil dəyişikliyi də lazımdır. Elvin Londondakı lisenziya yarışında və ya Tokio Olimpiadasında nəticə qazana bilməyəcəkdi. Yaşlı nəsli yığmada Amin Kuşkov kimi gənclər əvəzləməli idi. Məsələn, yığma ilə Gəncə Olimpiya Kompleksində gündə üç dəfə məşq edəndə Elvin çatdıra bilmirdi. Yeni məşqlər köhnə nəsil boksçular üçün çətin gəlir. O, dünya çempionu olmaqla Azərbaycan boksunun tarixinə düşüb. Amma hər boksçunun öz dövrü var. Nalçikdəki yarışda da Elvini sınamışam. Birinci döyüşdə özü kimi köhnə boksun nümayəndəsi ilə qarşılaşdı deyə, qalib gəldi. Amma ikinci döyüşdə gənc nəslin nümayəndəsinə uduzurdu. Biz də üçüncü raundu keçirməkdən imtina etdik. Onu Avropa çempionatına 20 gün ərzində mən hazırlaşdırmışdım. Rusiyanı təmsil edən Ayrapetyanı Moskvada udanda mənə də problem yaradıldı. Çünki Rusiya üçün məşqçi işləyirdim, amma Elvini hazırlaşdırmaqla rusiyalı boksçunun məğlubiyyətinə səbəb olmuşdum (gülür)... Elvinin sizə verdiyi müsahibədə dediyi sözlər doğrudur.
– Hazırda millidə yenə elə boksçularımız varmı ki, karyerasını başa vurmalıdır?
– Var. Komandada nəsil dəyişməlidir. Mən bu prosesə başlamışdım. Vaxt lazım idi. İntəhası, federasiyada hamı mənimlə razı deyildi. Bir var inqilab, bir də var təkamül. Mən ikinci yolu seçmişdim. Yavaş-yavaş millidə dəyişikliklər edirdim. Yığma komandada hər boksçu şəxsiyyətdir. Onu millidən uzaqlaşdıranda da bunu hörmətlə etmək lazımdır..
– Neçə belə boksçu var?
– (düşünür) İki-üç nəfər. Həmin boksçular Londona Olimpiya təsnifat turnirinə də aparılmışdı.
– Kubalı legionerimiz Lorenso Sotomayor əvvəlki kimi çıxış etmir. Hətta 2018-ci ilin Azərbaycan çempionatının yarımfinalında Elnur Süleymanovla döyüşdə nokauta düşdü. Onun hazırkı durumunu necə qiymətləndirirsiniz?
– Onun təcrübəsini yüksək qiymətləndirirəm. 69 kq çəki dərəcəsində ölkə çempionu olan Elnuru mən Sankt-Peterburqdakı turnirə aparmışdım. Lakin orada birinci döyüşdə uduzdu. Tbilisidə də məğlub oldu. Gözəl boksçudur, amma təcrübəsi yoxdur. Azərbaycanda yaxşı döyüşür, ölkədən kənarda isə niyə belə zəif çıxış etdiyini başa düşmürəm. Lorensonu isə Çexiyaya apardım. O, dörd görüşdə qələbə qazanıb çempion oldu. Ona görə də, İkinci Avropa Oyunlarına təcrübəsinə görə Sotomayoru aparmağı qərara aldım, Minskdə bürünc medal qazandı.
Daha yüksək nəticə qazana bilərdi. Amma dediyiniz nokaut ona pis təsir göstərmişdi. Həm də yarımfinalda ingilis boksçu ilə döyüşündə hakim qərarında tələsikliyə yol verdi. Yoxsa orada Lorenso döyüşü udurdu. İndi bilmirəm, vəziyyəti necədir. Amma bunu bilirəm ki, Lorensoya, ümumiyyətlə, dincəlmək olmaz. Məndən sonra əsas komandanı Yekaterinburqdakı dünya çempionatına göndəriblər. Bu, yanlış addım idi. Ora gənclər göndərilməli idi. Çünki Avropa Oyunlarından sonra dünya çempionatına az vaxt qalmışdı. Avropa Oyunlarında iştirak edən boksçulara bərpaedici məşqlər lazım idi. Bundan sonra London Olimpiya təsnifat turnirində kimin hansı formada olacağı görünəcəkdi. Mən belə planlaşdırmışdım. Ancaq hər şeyi mən edə bilmirəm ki. Məndən asılı deyildi...
– Moskvada tələbələriniz arasında ermənilər də var?
– O vaxt var idi. Bilmirəm, nəyə görəsə indi erməni tələbəm yoxdur. Əvvəl Rusiya ermənisi olan tələbələrim vardı, heç erməni dilini bilmirdilər. Onların arasında elələri vardı ki, Avropa və dünya çempionu olmuşdular. Amma indiki heyətdə milliyətcə erməni olan boksçu yoxdur.
– Bəlkə, baş məşqçinin azərbaycanlı olmasına görə sizin məktəbə yazılmırlar?
– Yox, Rusiyada “sən azərbaycanlısan”, “sən ermənisən” söhbəti yoxdur. Çünki burada azərbaycanlı da, erməni də Rusiya vətəndaşıdır, bu ölkədə anadan olublar. Mən özüm 1976-cı ildən Rusiyadayam. 44 il keçib. Ola bilsin ki, Yerevandan gələn ermənilərdə millətçilik olsun. Ağızlarını açan kimi millətçilik edirlər, dərhal onları qovuram. Deyirəm ki, buranı boşalt, əlvida. Çalışdığım məktəbdə millətçilik yox, beynəlmiləlçilik olmalıdır. Çünki biz siyasətlə yox, boksla məşğuluqm (oxu.az).