Azərbaycanlı mütəxəssis Çempionlar Liqasına təyinat alıb
- 11 Okt 2021 14:19
- 613
Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı mütəxəssisə növbəti dəfə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.
Frişman Belarusun paytaxtı Minskdə turnirin II raundu çərçivəsində keçiriləcək yerli "Minçanka Minsk" və Yunanıstanın "Olimpiacos Piraeus" klublarının ikinci qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Oktyabrın 14-də "Uruçye" idman salonunda baş tutacaq qarşılaşmanın hakimləri ukraynalı Andrii Kovalçuk və rusiyalı Alexander Ryabtsovdur.
Qeyd edək ki, "Olimpiacos Piraeus" - "Minçanka" komandalarının ilk qarşılaşmasında yunanlar 3-2 hesabı ilə qalib gəliblər.