Azərbaycanlı siyasətçilərin idman məşğuliyyəti
- 06 Avq 2020 12:47
- 1024
Hazırda ölkəmizdə idmanın müxtəlif növləri ilə həm peşəkar, həm də hobbi səviyyəsində məşğul olan şəxslər var.
Rekord.az xəbər verir ki, onlar sırasında siyasi müstəvidə təmsil olunanlar da yer alır.
Maraqlıdır, Azərbaycanın hansı siyasətçiləri həm də idman sahəsi üzrə özlərini sınayıb və uğur qazanıb? Cebhe.info bununla bağlı araşdırma edib. Sözügedən araşdırmanı diqqətinizə çatdırırıq:
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev cüdo üzrə idman ustasıdır. Əlbəyaxa döyüş növü ilə yanaşı, onun kikboksinq üzrə də nailiyyəti var.
Deputat 2008-ci ildə kikboksinq üzrə veteranlar arasında dünya çempionu olub. Eyni zamanda Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
Deputat Ülvi Quliyev əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Həm də Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov da peşəkar idmançıdır. O, karate-do üzrə 5-ci dan, taekvondo üzrə isə 2-ci dan qara kəmər sahibidir.
Eyni zamanda karate üzrə Avropa çempionu, dünya üçüncüsü, beynəlxalq dərəcəli hakimdir. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adını daşıyır.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzovun da idmançı karyerası olub. YAP-çı deputat 10 yaşından güləşlə məşğul olub və 1988-ci ildə sərbəst güləş üzrə SSRİ çempionu adını qazanıb. Siyavuş Novruzov güləş üzrə idman ustasıdır.
Milli Məclisin digər deputatı Novruz Aslan da idman ustalığına namizəddir. O, cüdo-sambo idman növü ilə məşğul olub. 12 yaşından idmana marağı olan millət vəkilinin Azərbaycan çempionatında uğurları olub. (Birinci və ikinci yerlər).
Sabiq deputat Ağacan Abıyev də gəncliyində boksla məşğul olub. Deputat iştirak etdiyi yarışlarda 6 dəfə Azərbaycan çempionu adını qazanıb və SSRİ-nin fəxri idman ustası dərəcəsinə qədər də yüksəlib.
Ağacan Abiyev Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası İcraiyyə komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidentidir.
Ümid partiyasının sədri İqbal Ağazadə də 1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında ağırlıqqaldırma üzrə ikinci yeri tutmaqla yanaşı, idman ustası da olub.
Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov yeniyetmə vaxtı Azərbaycanda yeniyetmələr arasında keçirilən şahmat yarışında çempion olub. E. Namazov həmçinin 6 il Şahmat Federasiyasına rəhbərlik edib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə idmanın üzgüçülük növünə üstünlük verir, hətta gənc yaşlarında bu idman növü üzrə birincilik dərəcəsi də alıb.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn idmanla xüsusi bir peşə kimi məşğul olmasa da, maraq göstərdiyi idman növləri var. O, tələbəlik illərində sambo ilə məşğul olub və bir neçə dəfə yarışlara da qatılıb. Onların birində 3-cü yeri tutub.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə futbola və şahmata xüsusi maraq göstərir. O, adıçəkilən idman növləri üzrə gəncliyində hətta dərəcə də alıb.