İndoneziyada qadın voleybolçuların çempionatının qalibinin adı bəlli olub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Odina Əliyevavə yığmamızın sabiq hücumçusu Natalya Məmmədovanın formasını geyindiyi, Ziya Rəcəbovun baş məşqçisi olduğu "Jakarta Pertamina Energy" klubu İndoneziya çempionu elan edilib.

Voleybolçularımızın şərəfini qoruduğu komanda müntəzəm çempionatın qalibi olduqdan sonra pley-offda mübarizə aparmaq şansı qazanmışdı. Bu mərhələ isə koronavirus səbəbindən yarımçıq dayandırılmışdı.

Xatırladaq ki, voleybolçularımız beynəlxalq uçuşların dayandırılması səbəbindən İndoneziyada qalıblar. Bir müddət əvvəl saytımıza açıqlamasında Ziya Rəcəbov vəziyyətlərinin yaxşı olduğunu, vətənə dönmək üçün uçuşların bərpasını gözlədiklərini bildirib.