Məlum olduğu kimi, "Azərsun Arena" təmirə bağlanıb və bu səbəbdən "Qarabağ" bir müddət ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Görəsən, Suraxanıdakı stadionda konkret hansı işlər görüləcək, bu işlər nə vaxt yekunlaşacaq, bütün bu suallarımızı klubun icraçı direktoru Əmrah Çəlikələ ünvanladıq.

Rekord.az-a açıqlamasında klub rəsmisi hər şeyə aydınlıq gətirdi: "Bildiyiniz kimi, "Azərsun Arena"da oyunlar tribuna tərəfdən çəkilirdi. PFL-in tələbinə görə, çəkiliş əks tərəfdən olmalı, azarkeşlər olan tribunalar görüntüyə düşməlidir. İlk növbədə bu məsələni həll edəcəyik. Bundan başqa, ot örtüyünə baxış keçiriləcək, digər təxirəsalınmaz məsələlər də var ki, onlar da həll olunmalıdır. Çalışacağıq ki, ikinci dövrəyə kimi bütün işləri yekunlaşdıraq. Amma deyim ki, bu, çətin görünür. Hər halda, bütün gücümüzü səfərbər etmişik, baxaq görək necə olacaq".