“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti
- 18 Apr 2022 17:46
- 462
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Rekord.az xəbər verir ki, qadınlardan ibarət komandaların yarış cədvəlinin lideri “Azəryol” “Qarabağ”la görüşdə də pərəstişkarlarını sevindirib.
Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan oyunun ilk hissəsində üstünlüyə yiyələnən “Azəryol” sonadək təşəbbüsü qoruyaraq inamlı qələbə qazanıb – 37:28. “İdman Akademiyası” – “Azərsu” oyunu da maraqlı idman mübarizəsi şəraitində keçib. “Azərsu” fasiləyə 2 xal fərqi ilə üstün yollansa da artığını bacarmayıb. Geriliyi aradan qaldıran “İdman Akademiyası” görüşü heç-heçə başa vurub – 24:24.
5 oyundan maksimum nəticə göstərən “Azəryol” çempionatın vahid lideridir. “Qarabağ” ondan 4 xal geri qalır. “İdman Akademiyası” ilə “Azərsu”nun hərəyə 2 xalı var.
Kişi həndbolçuların çempionatının 7-ci turunda lider “Bakı” yarışda ilk məğlubiyyəti ilə barışıb. Paytaxtın eyni adlı komandası “Təhsil”lə gərgin mübarizə şəraitində keçən oyunda 26:29 hesabı ilə uduzub.
“Gənclər Birliyi” – U-18 İdman Akademiyası görüşündə nominal qonaqlar 36:24 hesabı ilə qalib gəliblər.
U-16 – “Məhsul” qarşılaşmasında isə ev sahibi qismində çıxış edən komanda qələbə çalıb – 33:26.
8-cı turun oyunlarında isə “Bakı” U-16-ya 31:20, “Məhsul” U-18 İdman Akademiyası-na 27:26, “Təhsil” “Gənclər Birliyi”nə 38:28 hesabı ilə qalib gəlib.
8 oyundan 14 xal toplayan “Bakı” yarış çədvəlinə liderlik edir. “Təhsil” 11 xalla ikincidir. U-16” və U-18 İdman Akademiyası-nın hərəyə 9, “Məhsul”un 3 , “Gənclər Birliyi”nin 2 xalı var.