Babək rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş voleybol yarışı keçirilib

Rekord.az xəbər verir ki, ümumtəhsil məktəblərinin komandaları arasında şəhidlərimiz Teymurov Elvin Mustafa oğlu və Əjdərov Rəhman Rasim oğlunun xatirəsinə həsr olunmuş voleybol üzrə Babək rayon birinciliyi keçirilib. Hacıvar kəndində reallaşan birincilikdə 9 komandadan 80-ə yaxın şagird iştirak edib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edib, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı şanlı qələbədən bəhs edib, qəhrəmanlarımızın daim qürurla xatırlandığını deyiblər.

Yarışın ithaf olunduğu şəhidlərin ailə üzvlərinə Gənclər və idman idarəsi tərəfindən təşəkkürnamə təqdim edilib.

Nəticələrə gəlincə, Babək şəhər 1 nömrəli tam orta məktəbin komandası yarışın qalibi olub. Hacıvar və Xəlilli məktəbliləri isə müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar. Sonda ilk üçlükdəki komandalara diplom təqdim edilib.