“Bakı bizim üçün ideal məkandır”
- 12 Fev 2020 14:10
- 821
"2020-ci ildə "Formula 1" üzrə dünya çempionatının daha coşqulu keçəcəyini gözləyirik".
Rekord.az məlumatına görə, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları var. Keri ölkəyə maddi qazanc, Azərbaycanın dünyaya tanıdılması və bu növün inkişafı baxımından yarışın önəminə diqqət çəkib. O, Bakı Şəhər Halqası trekində müəyyən dəyişikliklərin olacağını da vurğulayıb.
Ç.Kerinin sözlərinə görə, liderlik və menecment komandasının olması Bakının üstünlüyüdür: "Küçə yürüşləri o qədər də asan deyil. Komanda, təşkilat olaraq, bu işin öhdəsindən gəldi. Eyni zamanda bizimlə birgə əməkdaşlığımız da bəhrəsini verdi". Bu il 22 Qran-pri təşkil edəcəklərini xatırladan "Formula 1" rəsmisinin sözlərinə görə, məqsəd uzunmüddətli tərəfdaşlığa nail olmaqdır: "Təqvimdə dəyişiklik qaçılmazdır. Eyni zamanda uğurlu şəkildə genişlənmə olmalıdır. Elə bir yer seçməliyik ki, azarkeşlər baxımından münasib olsun. Bakı bu baxımdan bizim üçün ideal məkandır".
Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi iyunun 5-7-də keçiriləcək. (Report)