Bakı çempionatını da döndəriblər məhlə çempionatına...
- 12 Okt 2021 11:00
- 673
Əvvəl futbol üzrə Azərbaycan çempionatı vardı, özü də onda qəpiyə güllə atdığımız vaxtlar idi.
Futbolçuların maaşından da danışmağa dəyməzdi, amma can qoyurdular, oynayırdılar.
«Qarabağ» bəzən səfər oyunlarına rayonlararası sərnişin avtobusları ilə gedirdi. Regionlarda özəl futbol komandaları formalaşmışdı: Gəncədə «Kəpəz», Mingəçevirdə «Energetik», Yevlaxda «Avtomobilçi», Naxçıvanda «Araz», Tovuzda «Turan», Şəmkirdə «Şəmkir», Qusarın «Şahdağ», Zaqatalanın da «Simurq» adlı bir gözəl komandası vardı, Masallıda «Viləş», İmişlidə «MKT-Araz», Qazaxda «Göyəzən», Bərdədə «Pambıqçı» (sonra nədənsə adını dəyişib mənasız bir ad qoydular, «ABN», nə isə…) və Azərbaycan çempionatına gözəllik qatan «Xəzər Lənkəran».
Sonra AFFA nə təhər filfilo elədisə bu komandalar qaldı kənarda, klubların sayı düşdü 8-ə və oldu Bakı çempionatı. Bakı çempionatı adına «xələl» gətirən «Qəbələ»nin də sıxıb suyunu çıxartdılar, «Xəzər Lənkəran»ın gününə salmaq istədilər, amma bacarmadılar. «Qəbələ özünü toparladı və bu gün liderdi. Arzu edirik ki, belə də davam eləsin.
Bəli, qəpiyə güllə atdığımız vaxtlarda ölkədə futbol vardı. Elə ki neft kəmərlərindən birini futbolumuza yönəltdilər, Azərbaycan çempionatı getdi fələyin badına, daha dəqiq desək, AFFA-nın badına.
Və indi Bakı çempionatını da döndəriblər məhlə çempionatına Keşlə, Zirə, Bayıl, Masazır…
Moskva beş komanda saxlaya bilmir, maşallah, Bakı beş komanda saxlayır. Əslində Sumqayıt da elə Bakıdı.
Bir maraqsız da birinci liqa yaradıblar region komandalarından. Yüksək liqanın da əvəzedicilərini bu liqaya əlavə ediblər. Əslində birinci liqanın çempionu növbəti ildə yüksək liqada oynamaq hüququ qazanır. Amma bu günədək bunun şahidi olmamışıq. Bəhanə də region komandasının müəyyən vəsaitinin olmamasıdır.
Axırıncı yeri tutan komandanı yüksək liqada saxlamağa nə ehtiyac var və nə məcburiyyət var? Həmin komandaya ayrılan vəsaiti buyurun, çempion olan region komandasına verin.
Məhəmməd Füzuli region komandaları üçün necə deyir:
AFFA bipərva, SOCAR birəhm, futbol bisükun,
Dərd çox, həmdərd yox, AFFA qəvi tale zəbun!
Aqil ABBAS