"Bakı kuboku"na yekun vuruldu
- 02 İyn 2022 10:26
- 516
Voleybolçu qızlar və oğlanlar arasında keçirilən "Bakı kuboku" başa çatıb. "Rekord.az" xəbər verir ki, yarış Azərbaycan Voleybol Federasiyası (AVF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Turnirdə ümumilikdə 11 qız (“Zenit”, 7№ İOEUGİM-1, 7№ İOEUGİM-2, “Xətai”, “Azərreyl-1”, “Azərreyl-2”, “Ryuqa”, “Sərhədçi”, RSG, “Ekspress”, “Aura”), 13 oğlan (2№ İOEUGİM-2, “İnşaat”, “Əlincə”, “Aura”, “Feniks”, “Binə”, “Xətai-6”, “Xətai-7”, 2№ İOEUGİM -1, RSG, “Ryuqa”, “Taleh”, “Azəri”) komandası mübarizə aparıb. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan yarış olimpiya sistemi ilə keçirilib.
Maraqlı keçən görüşlərdən sonra oğlan voleybolçuların finalı “Ryuqa” və “Azəri”komandaları arasında baş tutub. Həlledici matçda rəqibini 3:0 (25:20, 25:22, 25:21) hesabı ilə məğlub edən “Ryuqa” kubokun qalibi olub.
Qızların yarışında isə kubokun sahibini "Sərhədçi" və “Azərreyl-1” kollektivləri müəyyənləşdiriblər. Final matçında “Azərreyl-1” komandasına 2:0 (25:13, 25:16) hesabı ilə qalib gələn “Sərhədçi” klubu “Bakı kuboku”na sahib çıxıb.
Qaliblərə kubok, medal və diplomlar verilib. Mükafatları AVF-nin vitse prezidenti Əbülfəz Hüseynov, baş katibi Fərid Xəlilov, “Sərhədçi” voleybol klubunun prezidenti, polkovnik Firdovsi Umudov, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəisi, polkovnik Elşən Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, idarənin nümayəndələri Samir Kazımov, Valentina Sultanova və Tatyana Korjova təqdim ediblər.