Bakı Kubokunun qalibləri məlum oldu
- 20 Mar 2021 18:00
- 981
Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Bakı Kuboku keçirilib.
Rekord.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilə birgə təşkil olunmuş yarışda klub və cəmiyyətlərin bütün yaş kateqoriyaları üzrə 60-dək idmançısı iştirak edib.
Açılış mərasimində idmançıları salamlayan Baş İdarənin rəisi Raqif Abbasov və AzVİF-in baş katibi Fərhad Əliyev velosipedçiləri Novruz bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, Bakı Kuboku yarışında yer tutan idmançılar şəxsi göstəricilərlə yanaşı, reytinq xalları da əldə edəcəklər. Bu da yığma komanda heyətinə düşmək üçün olduqca önəmlidir.
Elit və U23 yaş kateqoriyasında yarışan idmançıların mübarizəsində 7 saylı İdman Olimpiya Məktəbinin üzvü Əmral Əbdüləzizli həm 1 km məsafəyə fərdi, həm də çıxma ilə qrup yarışında fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Gənclər arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Nikita Sıtov çıxma ilə qrup yarışında, “Neftçi” İdman Klubunun velosipedçisi Nofəl Nuriyev isə 1 km məsafəyə fərdi ötüşmədə çempion olub.
15 yaşadək qızların həm 333, həm də 666 metr məsafəyə fərdi mübarizəsi 7 saylı İdman Olimpiya Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsi ilə yekunlaşıb. Bu yaş kateqoriyasında olan oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Aslan Hənifəyev 333, Ravi Rzayev 666 metr məsafəyə yarışda 1-ci olub.
17 yaşadək oğlanlar arasında 7 saylı İdman Olimpiya Məktəbindən Timur Şerşnyov 333, Respublika Olimpiya Velosiped Məktəbindən Hüseyn Nərimanov 666 metr məsafəyə mübarizədə bütün rəqiblərindən yaxşı çıxış edib.
Qalib və mükafatçılar BŞGİBİ və AzVİF-in medal və diplomları ilə təltif olunublar.